Mehman Əliyev: "Xarici KİV-lərin tənqidi uğursuz media siyasətini ört-basdır etmək üçün idi"

Mehman Əliyev:

16-12-2020 19:29 / Bu xəbər 692 dəfə oxundu

"II Qarabağ müharibəsi zamanı xarici KİV-lərin yerli mediada qınaq obyektinə çevrilməsi hökumətin uğursuz media siyasətini ört-basdır etmək üçün idi”.

Bu fikirləri "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev "Arqument.az"a deyib. 
 
O, hökumətin II Qarabağ müharibəsi zamanı apardığı media siyasətini təhlil edərkən bu qənaətə gəldiyini deyir. 

Mehman Əliyevin fikrincə, müharibə dövründə yerli ictimaiyyətdə ruh yüksəkliyini artırmaq və səfərbər etmək üçün xəbərlərin çatdırılması istiqamətində yaxşı işlər görülsə də, xarici media ilə əlaqələr zəif qurulub: "Əlbəttə, itkilərin olmasına və Ermənistanın əks-propaqandasına baxmayaraq, cəmiyyəti ruhlandırmaq lazım idi. Yəni vəziyyət göstərdi ki, heç nəyə hazır deyilik. Dünya ictimaiyyətini bu hərbi əməliyyatların məqsədləri, səbəbləri barədə həqiqətlərə inandıra bilmədik. Müharibəni udsaq da, Azərbaycanın hüdudlarından kənarda uduzduq. Nəticədə hökumət və hökumətə yaxın medialar tərəfindən xarici KİV-lər qınaq obyektinə çevrildi. Bu isə uğursuz media siyasətini ört-basdır etmək üçün atılan idi”. 

M. Əliyev deyir ki, münaqişənin başlanmasından 30 il keçməsinə baxmayaraq, bu müharibə dövründə müxtəlif dövlət qurumlarının - komitələr, parlament və diasporanın indiyə qədər normal iş görə bilmədiyi bir daha üzə çıxıb. 

O, informasiya təhlükəsizliyi sahəsində də görülən işləri qənaətbəxş hesab etmir: "Cəbhə bölgəsindən bəzi xəbərlərin və görüntülərin yayılmasının dövlətə xeyli problemlər yaratdığını gördük. Sonuncu dəfə Baş Prokurorluğun erməni əsirləri və qəbirlərinin təhqir edilməsi ilə bağlı 4 hərbçiyə cinayət işi açması da bunun nəticəsi idi. Yəni müharibə başlayanda bu istiqamətdə dövlətin media siyasəti yox idi”.  

Müşfiq Ələsgərli: "Beynəlxalq praktikaya uyğun nə mümkündürsə, edildi”

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə "Arqument.az"a bildirib ki, müharibə dövründə medianın fəaliyyəti beynəlxalq praktikaya uyğun qurulub: "Hardakı məhdudlaşdırılmalar mümkün və zəruri idi, o da tətbiq edildi. Məsələn, sosial şəbəkələr və internetin məhdudlaşdırılması həyata keçirildi ki, bu da normal və beynəlxalq konvensiyalara uyğundur. Prezidentin  KİV-lərlə intensiv münasibət qurması və müsahibələri, sosial şəbəkədə aktivliyi və prosesdə iştirak edən digər dövlət adamlarının informasiya verməyə meyilli olması müşahidə edildi. Medianın özünə gəlincə isə ilk dövrdən jurnalistlər döyüş bölgəsinə qədər buraxıldı, istər yerli, istərsə də xarici KİV nümayəndələrinə müraciət olundu. Akkreditasiya siyasəti aparıldı və qeydiyyatdan keçmiş şəxslər üçün media turları təşkil olundu. Əlavə olaraq hərbi informasiya mərkəzi yaradıldı və gündəlik brifinqlərdə hərbi əməliyyatlarla bağlı məlumatlar verildi. Yəni beynəlxalq praktikaya uyğun nə mümkündürsə, edildi”. 

Ekspert deyir ki, mediaya həm də hansı formada xəbər yayılması ilə bağlı Müdafiə Nazirliyi (MN), Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Mətbuat Şurası təlimat və tövsiyələr də verib. 

O hesab edir ki, müharibə zamanı Ermənistanla müqayisədə Azərbaycanda medianın durumu qat-qat üstün olub: "Ermənistanda həm döyüş bölgəsində gedən prosesləri işıqlandırmağa, həm də ölkədəki ictimai-siyasi həyatla bağlı yazmağa məhdudiyyətlər qoyulmuşdu. Bununla bağlı hətta bəzi beynəlxalq təşkilatların bəyanatları da yayıldı. Azərbaycanda isə belə məhdudiyyətlər yox idi". 

Ələsgərli peşəkar hərbi jurnalist və ekspertlərin yetişdirilməsində boşluqların olmasını da vurğulayıb: "Prosesin gedişatında bəlli oldu ki, hərbi bölgədə davranışları bilən jurnalistlərimizin sayı azdır. Biz elə bir bölgədə yaşayırıq ki, münaqişələr və hərbi təcavüz aktları təkrarlana bilər. Ona görə də bu problemlər aradan qaldırılmalı, özfəaliyyət şəklində deyil, dövlət qurumları tərəfindən peşəkar şəkildə həyata keçirilməlidir”.    

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlər başlayıb. 

44 gün davam edən hərbi əməliyyatlardan sonra noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyanata əsasən döyüşlər dayandırılıb.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Vüsalə Mikayıl