Mehman Hüseynov: "DSK-nın qərarı mənim üçün gözlənilməz oldu"

Mehman Hüseynov:

12-01-2020 19:11 / Bu xəbər 2271 dəfə oxundu

"Görünür, mənsiz seçkinin maraqlı olmadığını düşünblər”

Yanvarın 12-də video-bloger Mehman Hüseynovun gələn ay keçiriləcək parlament seçkilərində namizədliyi qeydə alınıb.

Məlumatı Meydan TV-yə Mehman Hüseynovun özü verib.

O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən seçkilərə qatılıb.

Mehman Hüseynov deyib ki, DSK-nin qərarı onun üçün gözlənilməz olub:

"Çünki bələdiyyə seçkilərindəki göstərdiyim seçki şousundan sonra namizədliyimin qeydə alınacağını düşünmürdüm. Amma qeydə aldılar. Görünür, mənsiz seçkinin maraqlı olmadığını düşünblər”.

Mehman Hüseynov ötən ilin 23 dekabrında keçirilən bələdiyyə seçkilərində iştirak etmişdi. O, rəsmi olaraq seçkini qazana bilməyib. Mehman Hüseynov seçkinin nəticələri ilə razılaşmayıb və məhkəməyə müraciət edib.

Yanvarın 10-da Bakı Apelyasiya Məhkəməsi Mehman Hüseynovun Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı şikayətinə baxıb.

Bloger son bələdiyyə seçkilərində səslərin yenidən sayılmasını, qanun pozuntuları olan məntəqələrdə nəticələrin ləğvini istəyib. Hakim Mirzə Tağızadənin sədrlik etdiyi hakimlər kollegiyası blogerin şikayətini təmin etməyib.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

MSK qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.