Mehman Hüseynov əməliyyat olunub, xərçəng şişi götürülüb

Mehman Hüseynov əməliyyat olunub, xərçəng şişi götürülüb

12-09-2020 02:12 / Bu xəbər 1683 dəfə oxundu

Blogerin oktyabrın sonunda Azərbaycana qayıdacağı bildirilir

Azərbaycanda korrupsiyaya qarşı satirik "Sancaq Production” bloqunun müəllifi və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun idarə heyətinin sədri, 31 yaşlı Mehman Hüseynov Cenevrə Universiteti Xəstəxanasında ( Hôpitaux Universitaires de Genève ) əməliyyat keçirib. Bu barədə məlumat "Sancaq” səhifəsində yayılıb.

Bildirilir ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən Mehman Hüseynov sentyabrın 8-də əməliyyat olunub.

Uğurlu cərrahiyyə əməliyyatı nəticəsndə həkimlər xərçəng şişinin çıxarıblar. Əməliyyatın təxminən 10 saat davam etdiyi, sentyabrın 9-da səhər xəstənin vəziyyətinin sabitləşdikdən sonra palataya keçirildiyi bildirilir:

"Növbəti iki-üç həftə ərzində həkimlərin nəzarəti altında olacaq və sonra xəstəxanadan çıxacaq.

Xərçəng şişinin götürülməsi əməliyyatından əvvəl Mehman Hüseynov Cenevrə Universiteti Xəstəxanasının onkoloji şöbəsində iki aylıq şüa (radio) terapiya kursunu müvəffəqiyyətlə keçib, bu da əməliyyatdan əvvəl şişin əhəmiyyətli dərəcədə azaldılmasını və lokallaşmasını təmin edib”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Mehman Hüseynovun vəziyyəti dekabrın 27-dən pisləşib. Həmin gün o, siyasi motivli ittihamlarla həbs olunan gənc musiqiçi Pərviz Quluzadənin sərbəst buraxılması tələbi ilə Daxili İşlər Nazirliyinin binası qarşısında təşkil etdiyi etiraz aksiyası zamanı döyülüb:

"Ciddi zədələr alan Mehman Hüseynovun səhhəti pisləşdiyinə görə iki həftə ərzində Azərbaycanın paytaxtı Bakıda kömək üçün bir neçə dövlət və özəl klinikaya müraciət edib. Lakin tanınmış jurnalist və hüquq müdafiəçisinin polis zorakılığının və özbaşınalığın qurbanı olduğunu eşidən azərbaycanlı həkimlər işgəncə izlərini sənədləşdirməkdən və ona düzgün müayinə və müalicəni təyin etməkdən imtina ediblər”.

Mehman Hüseynov son illər sağ ayağında varikoz qan damarlarının genişlənməsi və qarın boşluğunun alt hissəsində kəskin və davamlı ağrılardan əziyyət çəkdiyini deyirdi. Tbilisi Onkoloji Mərkəzindəki müayinələr zamanı Mehmanda nadir onkoloji xəstəlik aşkarlanıb və bundan sonra o, Cenevrə Universiteti Xəstəxanasına göndərilib. Onun müalicə olunması üçün

yardım kampaniyası təşkil olunub və həm Azərbaycandan, həm də dünyanın digər ölkələrindən təxminən 83 min dollar vəsait yığılıb.

Məlumatda o da bildirilir ki, Mehman Hüseynov bu ilin oktyabr ayının sonuna qədər Azərbaycana qayıtmağı planlaşdırır.///Meydan.Tv