Mehman Hüseynov: "Korrupsiyanı araşdırmaq üçün drona ehtiyac yoxdur"

Mehman Hüseynov:

15-03-2021 17:36 / Bu xəbər 1424 dəfə oxundu

"Dronla bağlı heç bir rəsmi qadağa yoxdur"

Daxili İşlər Nazirliyindən (DİN) bloger Mehman Hüseynovla bağlı açıqlama verilib.

Bildirilib ki, Mehman Hüseynovun istifadəsi üçün xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub.

"Həmin məlumatın yoxlanılması məqsədilə bloger ötən gün saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Mehman Hüseynovun həmin aparatla haradasa çəkiliş etməsi barədə isə hazırda hər hansı məlumat yoxdur”, - məlumatda bildirilib.

Mehman Hüseynov DİN-in məlumatı ilə bağlı Meydan TV-yə bildirib ki, bu əməliyyat onun fəaliyyətini məhdudlaşdırmaq üçün qurulub. Çünki son vaxtlar korrupsioner məmurlar haqda araşdırmalar edir: "Dünən isə məni çəkiliş üstündə tutmayıblar. Drona gəldikdə, yenə də deyirəm, korrupsiya faktlarını araşdırmaq üçün drona da ehtiyac yoxdur. Mən qanunsuz saxlanılmışam və avadanlığım qanunsuz olaraq götürülüb. Heç dronla bağlı da heç bir rəsmi qadağa yoxdur. Qanunda qeyri-rəsmi olaraq boşluq kimi qalır. Guya dron almaq üçün icazə alınmalıdır. Bu olanların tək səbəbi mənim məmur villalarını çəkməyimdir. İstəyirlər o adət-ənənənin qarşısını alsınlar. Nəticədə məni izləyib, avadanlığımı götürdülər”.

Martın 14-də bloger Mehman Hüseynov və NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli Novxanıda çəkilişdən qayıtdıqdan sonra saxlanılmışdı.

Bir neçə saat sonra onların hər ikisi sərbəst buraxılmışdı.

Ülvi Həsənli saxlanılması ilə bağlı bildirmişdi ki, dünən Novxanıda ölkənin ən çox pul yeyən məmurlarından biri Saleh Məmmədovun mülklərini araşdırmağa gediblər.

Qısa müddətdən sonra polislər onları mühasirəyə alıb və saxlayıblar: "Sonrası da məlum məsələdir. O idarəyə apardılar, bu idarəyə saldılar, başımıza torba keçirdilər, əlimizə qandal vurdular, sonra da avadanlığımızı alıb buraxdılar. Olan şeydir. Başımıza az gəlməyib belə hadisələr. Əsas odur biz öz yolumuzla davam edirik. Ölkədə bu qədər problem varsa, hərə gücü çatan qədər bunları işıqlandırmalıdır. Geci-tezi var, hər şey yaxşı olacaq”.

Daha öncə Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsində, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham iddiası üzrə 2 il müddətində azadlıqdan məhrum edilmişdi.

O ittihamları qəbul etməmişdi.

O, 2019-cu ilin martın 2-də azad olunub.