"Məktuba imza qoymuşam, arxası məndən asılı deyil..." - Yazıçı Anar

07-09-2017 15:12 / Bu xəbər 2759 dəfə oxundu

''Əslində, ''Turan'' İnformasiya Agentliyi mənə yaxşı münasibətdə olmayıb''

''Turan'' İA-nin direktoru Mehman Əliyevin həbsdən azad olunması ilə bağlı prezidentə müraciət edənlər sırasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin də adı var. 

Meydan TV müraciətlə əlaqədar AYB sədri Anar Rzayevlə əlaqə saxlayıb. 

- Anar müəllim, müraciət yayılan gün Mehman Əliyevin girov müqabilində azad olunması vəsatəti rədd edildi. Buna reaksiyanız necədir?

- Reaksiyanı mən vermirəm, məktuba imza qoymuşam, arxası məndən asılı deyil.

- Hansı zərurətdən müraciətə imza atdınız?

- Mənə müraciət etdilər. Ümumiyyətlə, mənim prinsipim budur ki, yazı-pozu adamları həbs olunmamalıdırlar. Tənqid oluna bilərlər. Özü də ki "Turan" İA həmişə mənə qarşı necə deyim...

- Hörmətlə yanaşıb?

- Yox, əksinə yanaşıb. Buna baxmayaraq o adam azadlıqda olmalıdır.

- Prezidentə müraciət üçün sizinlə Elçin Şıxlı, Arif Əliyev əlaqə saxladı?

- Siz neynirsiniz ki, kim müraciət edib? Dedilər, mən də qol çəkmişəm. Tədqiqat aparırsınız?

- Jurnalist sualıdır da.

- Mən də bu suala cavab vermirəm.

- Nə gözləyirsiniz, yaxın günlərdə müsbət reaksiya olacaqmı? 

- Allahü-Əkbər, cavab verdim də. Eyni sualı nə qədər təkrar etmək olar? 

Sentyabrın 6-da bir qrup ictimaiyyət nümayəndəsi "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə bağlı Azərbaycan prezidentinə müraciət ünvanlayıb.

Müraciətdə prezidentdən Mehman Əliyevin işini diqqətə götürmək xahiş olunur və "Turan İA"nin ölkə mətbuatının inkışafında böyük xidmətləri qeyd olunur.

Müraciətdə deyilir:

"Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq, Sizdən artıq dərəcədə xahiş edirik ki, "Turan" İnformasiya Agentliyinin həbs olunmuş direktoru Mehman Əliyevin işini diqqətə götürəsiniz.

Bu şəxsin ölkə mətbuatının inkışafında böyük xidmətləri vardır, o, nüfuzlu jurnalist və media eksperti kimi dunyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. M.Əliyev ittihamları rədd edir.

Söhbətləşdi: Natiq Cavadlı