“Məmurun qardaşı oğlu məni intihar həddinə çatdırıb...” - Vilayət Eyvazova müraciət

“Məmurun qardaşı oğlu məni intihar həddinə çatdırıb...” - Vilayət Eyvazova müraciət

21-07-2022 01:24 / Bu xəbər 1770 dəfə oxundu

"Mənimlə qonşu olan qohumunun evindən mobil telefonla yaşadığım evin içini çəkir"

Cəlilabadın Muğan kənd sakini, Muğan kənd orta məktəbinin riyaziyyat müəllimi Aygün Məlikova daxili işlər naziri Vilayət Eyvazovdan kömək istəyib.
 
O, bununla bağlı nazirə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, hazırda özü və ailəsi İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı oğlu tərəfindən təhdid olunur: 

"Hörmətli cənab nazir!

Mən Məlikova Aygün Cəbil qızı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində anadan olmuşam. Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişəm və 2003-cü ildə Cəlilabadın Muğan kəndinə gəlin gəlmişəm. Həmçinin Muğan kənd orta məktəbində riyaziyyat müəlliməsi, 2016 və 2022-ci illərdə məktəbin direktoru vəzifəsində çalışmışam. Həmçinin Muğan kənd bələdiyyəsinin sədri də işləmişəm. Lakin kəndə əleyhimə aparılan qarayaxma kampaniyalarına görə hər iki vəzifəmdən ərizəmlə istefa vermişəm. Hazırda Muğan kənd orta məktəbində müəllimə kimi fəaliyyətimi davam etdirirəm.   

Sizdən bir məsələdə kömək istəyirəm. Onu deyə bilərəm ki, artıq mənim kimi ali təhsilli müəlliməni, üç qız və bir oğlan anasını intihar həddinə çatdırıblar. Bunu edən isə Muğan kənd sakini Şahbazov Rəşad Ədalət oğludur. Rəşad Şahbazov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı oğludur. Məhz buna görə Rəşad Şahbazov kənddə "at oynadır”. Necə deyərlər, "yetənə yetir, yetməyənə də bir daş atır". Rəşad Şahbazov "Səda tv” adlı internet televiziyasının jurnalist vəsiqəsini əldə edib və rayonda ancaq qarayaxma kampaniyasıyla məşğuldur. Hansı ki bu adamın jurnalist təhsili yoxdur, Rusiyada yaşadığı üçün Azərbaycan dilində, yəni öz ana dilimizdə səlist danışa bilmir, hələ bu azmış kimi hərbi xidmətdə belə olmayıb. Rəşad Şahbazov jurnalist peşəsinin nə olduğunu bilmədiyi üçün artıq insanları şantaj etməyə keçib. Belə ki, o, mənimlə qonşu olan qohumunun evindən mobil telefonla yaşadığım evin içini çəkir. Bu axı jurnalistikanın qaydalarına ziddir. Şəxsin ümumi və gizli həyat tərzi var. Bununla bağlı dəfələrlə Rəşad Şahbazova iradımı bildirmişəm və hətta bu il iyulun 16-sı və 17-də Daxili İşlər Nazirliyinin "102” qaynat xəttinə şikayət etmişəm. Mənim üç azyaşlı qızım var, onların görüntülərini sosial şəbəkədə yaymaq hansı jurnalistika qaydalarına uyğundur?"

Aygün Məlikova deyir ki, məsələ ilə bağlı polisə dəvət edilsə də, heç bir tədbir görülməyib: "Məsələylə bağlı hər ikimiz Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə şəhər polis bölməsinə dəvət edilmişik. Polis rəisi Asif İmanov mənə kobudcasına müraciət edərək deyib: "Ay qız, Rəşad müxbirdir və kimi istəsə, çəkə bilər”. Belə məlum olur ki, rəis də jurnalistin peşə-davranış qaydalarından xəbərsizdir. Amma onu da qeyd edim ki, Asif İmanovla Rəşad Şahbazov qohumdur. Polis bölməsində olarkən polis rəisi Asif İmanov məni kobudcasına öz kabinetindən çıxarıb. Hansı ki mən məktəb direktoru olanda hörmətli Asif İmanovu belə qarşılamamışdım, ona əyləşmək üçün öz stulumu belə vermişdim".

"Rəşad Şahbazovun mənimlə ədavəti isə ondan ibarətdir ki, mən məktəb direktoru olanda onu məktəbdə gündüz gözətçisi işinə götürməmişəm. Çünki məktəbin gündüz gözətçisi var və o şəxs Qarabağ əlilidir. Rəşad Şahbazov isə məni öz kabinetimdə məcbur edib ki, Qarabağ əlilini işdən çıxarıb yerinə onu təyin edim. Amma mən bunu etməmişəm. Həmin vaxt şagirdlərimizi kəndimizin Vətən müharibəsində şəhid olan hərbçilərinin məzarını ziyarətə apardığım üçün Rəşad Şahbazovun atası Ədalət Şahbazov məktəbə gələrək mənə dedi: "Mənim tanımaq istəmədiyim şəhidi, niyə uşaqlarıma tanıdırsan”. O, bu sözləri Vətən müharibəsi şəhidi Həsən Dəmirovun qardaşı Xaqani Dəmirovun yanında deyib. Təsəvvür edirsinizmi ki, bu nə deməkdir?", - deyə müəllim bildirib. 

"Bir neçə gün öncə Rəşad Şahbazovun yaxınları da yaşadığım evimə hücum etdi. Onlar mənə bildirdilər ki, arxamızda qohumumuz Rüstəm Şahbazov durub və səni bu kənddən köçürəcəyik, sən bu kənddə yaşaya bilməyəcəksən. Hadisəni mobil telefona çəkmişəm və istintaqa təqdim etməyə hazıram", - Aygün Məlikova belə deyir.

O, daxili işlər nazirindən bu məsələyə qısa zamanda reaksiya verməyi xahiş edib: "Dəfələrlə müraciətlərimə baxmayaraq, şikayətimə polis bölməsində baxılmır. Sizdən xahişim odur ki, məni və ailəmi Şahbazovların əlindən xilas edəsiniz. Xahiş edirik ki, təhlükəsizliyimiz təmin edilsin, Rəşad Şahbazov adlı bu dırnağarası "jurnalistlə” bağlı tədbir görülsün".

Məsələ ilə bağlı Rəşad Şahbazovdan münasibət öyrənmək mümkün olmayıb.