“Mən bir həkim və azərbaycanlı kimi ölkəmdəki vəziyyətdən narahatam” - Turanə Rəsulova

“Mən bir həkim və azərbaycanlı kimi ölkəmdəki vəziyyətdən narahatam” - Turanə Rəsulova

20-12-2020 14:37 / Bu xəbər 1333 dəfə oxundu

"COVİD-19 xəstələrinin bütün xərcləri dövlət tərəfindən qarşılanmalı, özəl xəstəxanalarda müalicə alan xəstələrin də bütün xərcləri dövlət tərəfindən özəl xəstəxanalara ödənilməlidir. Bu barədə Türkiyə təcrübəsi mövcuddur və onun eynisini biz də ölkəmizdə tətbiq edə bilərik”.

Türkiyədə "Hacettepe" xəstəxanasında çalışan azərbaycanlı həkim Turanə Rəsulova belə deyir.

Virus Azərbaycanda ilk yayıldığı vaxtdan-fevralın 28-dən bu yana indiyədək ümumilikdə, 199 127 insan koronavirusa yoluxub. 

Hazırda ölkədə virusa gündəlik yoluxma təxminən, 4000, ölüm halları isə 40 üzərində artıb-azalır.

"Bu xalq vətəni üçün tərəddüd etmədən canından keçirsə, onu qorumaq Azərbaycan səhiyyəsinin borcudur"

T.Rəsulova deyir ki, Azərbaycandakı dövlət xəstəxanalarının reanimasiya yataq və personel sayı mövcud sayda COVİD-19 xəstəsi baxmaq üçün yetərsizdir: ”Bu, TƏBİB-in günahı deyil: belə şərtlərlə 1 il ərzində bundan artığını etmək, mümkün olmazdı. Mən bir həkim və bir azərbaycanlı kimi ölkəmdəki vəziyyətdən narahatam”.

Həkim çıxış yolu kimi Türkiyədəki təcrübədən istifadə etməyi təklif edir: "Özəl xəstəxanalarda COVİD-19 servis və reanimasiyaları açılmalıdır. Bu, o demək deyil ki, özəl xəstəxanalar bütövlükdə koronavirus simptomları olan xəstələrə baxacaq. Xəstəxana  qırmızı, mavi, yaşıl sahələrə bölünərək, COVİD-19 xəstələriylə başqa xəstələr bir-birindən tamamilə təcrid olunur. Bu üsulla daha çox virusa yoluxan insan müalicə edilə bilər”.

T.Rəsulova xatırladır ki, bu xalq vətəni üçün tərəddüd etmədən canından keçirsə, xalqın canını qorumaq Azərbaycan səhiyyəsinin borcu, öhdəliyi olmalıdır.

Onun fikrincə, tibbi yardımla həyatda qala biləcək insanların ölümü yolverilməzdir.

Dövlət rəsmiləri isə peyvənd üçün zəruri hazırlıqların getdiyini bildirsələr də, hazırda reallıq əksini deyir. Belə ki, bir qisim insan virus əleyhinə olan dərmanların bahalığından, digərləri isə dərmanların qıtlığından şikayət edir.

Azərbaycanda COVİD-19 testi hər şəxs üçün yalnız 1 dəfə dövlət tərəfindən pulsuz aparılır. 

Səhiyyə Nazirliyinin 814 Çağrı Mərkəzi bunun üçün xəstədə Covid-19 əlamətlərinin olmalı olduğunu bildirir.

İnsanaların əksəriyyəti, təcili yardımın vaxtında gəlməməsindən narazılıq edir. 

Bu baxımdan çoxları testi öz ciblərindən pul ödəməklə etdirdiyini söyləyir.

Virus testinin qiyməti isə ən yaxşı halda 60 manatdan başlayır, 130 manata qədər qalxır.

Sosial mediada xəstəxanalarda yoluxan insanları müalicə etmək üçün kifayət qədər yerin olmaması müzakirə olunur.