“Mən əvvəl elə bilirdim ki, Eldar Əzizovun hobbisi şirniyyat sahəsidir”

“Mən əvvəl elə bilirdim ki, Eldar Əzizovun hobbisi şirniyyat sahəsidir”

18-05-2019 11:19 / Bu xəbər 1273 dəfə oxundu

"Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb".

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov mayın 17-də Biləcəri qəsəbəsinin sakinlərilə görüşündə bildirib.

Bu məsələ fevralın 19-da dövlət başçısının hündürmərtəbəli evlərin istismara verilməsinin asanlaşdırılması barədə sərəncamından sonra aktuallaşıb.

Eldar Əzizov problemin həlli üçün əlaqədar qurumlarla birgə iş aparıldığını deyib.

İcra başçısı onu da bildirib ki, tikilmiş evlərin sənədləşmə prosesində əlavə problemlər olduğuna görə onu tezliklə həll etmək mümkün deyil, müəyyən vaxt tələb olunur: "Lakin məsələ nəzarətdə saxlanılır və həllini tapacaq”.

Tofiq Yaqublu 
 
Məsələ ilə bağlı Toplum Tv-yə danışan Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu deyib ki, niyyət səmimi olanda deyilir və yerinə də yetirilir: "Bakının meri Eldar Əzizov dünən deyib ki, İlham Əliyev sənədsiz evlərin sənədləşdirilməsi üçün tapşırıq verib. "Qayınana" filmində Nəsibə xanım deyir ki, a balam, adamın ildə neçə dəfə mamadan olan günü olar? Bu sənədsiz evlər barəsində nə qədər sərəncam, tapşırıq, göstəriş vermək olar?”

ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli Eldar Əzizovun dediyi "Evlərin sənədləşmə işlərini bir anda həll etmək mümkün deyil” sözünə satirik münasibət bildirib: "Mən əvvəl elə bilirdim ki, Eldar müəllimin hobbisi şirniyyat sahəsidir, sən demə, müəllim fəlsəfə ilə də maraqlanırmış, məsələlərə fəlsəfi baxırmış. Hörmətli konditer-məmur 26 illik bərbad YAP hakimiyyəti dövrünü bir an kimi təsəvvür edirmiş”.

Natiq Cəfərli
 
Natiq Cəfərli  əlavə edib ki, 26 il problemləri həll etməyib, sonra da çıxıb ölkə üçün itirilmiş bu illəri bir an kimi təqdim etmək doğru deyil.

Rəsmi məlumatlara görə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən fərdi evlərin sayı 700 mindən çoxdur. Hələ 2011-ci ildə bununla bağlı dövlət başçısı müəyyən rəsmi qurumlara tapşırılqar versə də, problem yenə də həllini tapmayıb. 

Məsələ bu ilin fevralında yenidən gündəmə gəlib.

Uğur Fərzəli