"Mən heç vətənpərvər də deyiləm, mənə görə insan var, sadəcə..."
10-11-2024 02:37 / Bu xəbər 459 dəfə oxundu
Yaradıcı şəxslərin ictimai və siyasi proseslərə münasibəti zaman-zaman müzakirə olunub, bəzənsə bu müzakirələr qarşılıqlı ittihamlara çevirilib.
Bu, son 30 ildə - müstəqillik dövründə daha çox müşahidə olunub.
Son günlər bu mövzu sosial və onlayn mediada yenidən gündəmə gəlib, amma fikir ayrılıqları var. Məsələn, bir qrupu düşünür ki, yaradıcı şəxslər - şair, yazıçı, digər sənət adamları və mədəniyyət xadimlərinin siyasi proseslərdə iştirakı vacib deyil, onlar özlərini ancaq çox yaradıcı sahədə sınamalıdırlar.
Başqa bir çoxları isə düşünür ki, yaradıcı şəxslər və sənət adamları da digər vətəndaşlar kimi ictimai proseslərə münasibət bildirməli, vətəndaş mövqeyi sərgiləməlidirlər, çünki onlar həm də müəyyən bir ölkənin vətəndaşıdırlar.
Yeri gəlmişkən, Azərbaycan kimi avtoritar ölkələrdə hakimiyyət-yazıçı-vətəndaş mövqeyi kimi mövzular daha çox diqqət çəkir və müzakirələrə səbəb olur.
Bəs, doğrudan da, yaradıcı şəxslərin vətəndaş mövqeyi olmalıdırmı?
Bu dəfə şair Xəyalə Sevil "Arqument.az"ın "Dərgi" bölməsinin bu mövzu ilə bağlı suallarını cavablandırıb.
"Yaradıcı şəxsləri hansısa bir qəlibə salmaq doğru deyil"
- Xəyalə xanım, ilk sualımız ənənəvidir: yaradıcı adamın vətəndaş mövqeyi olmalıdırmı?
- Vacib şəkilli bütün cümlələrə qarşıyam. Yaradıcı insan adi insanlara nəzərən daha azaddır, onu qəlibə salmaq, ondan hansısa bir mövqe gözləmək düzgün deyil.
- Amma yaradıcı insan da vətəndaşdır. Onun ölkədə baş verən proseslərə biganə qalması nə qədər doğrudur?
- Bəzən səsinin çatmadığı yerlər üçün danışmamaq lazımdır. Bir də ki mən heç vətənpərvər də sayılmaram. Mənə görə, insan var, sadəcə.
- Belə fikirlər də var ki, cəmiyyət sanki yazarın üzərində bir ictimai öhdəlik qoyur. Bunu deyənlər daha çox ictimai proseslərdən kənarda qalmaqlarına bəraət qazandıranlardır. Bəs siz necə, üzərinizdə hansısa ictimai öhdəlik hiss edirsinizmi?
- Mən ruhumla, ağlımla hesablaşıram. Məni çərçivəyə yalnız mən sala bilərəm. Bu ictimai anlamda da, digər anlamlarda da keçərlidir. Mənə görə, fikir, düşüncə, söz, davranış və s. azadlığı əlindən alınan insan bədbəxtdir. Nə vaxtsa düşüncəm hansı yönə dəyişəcək, bilmirəm, amma indi özümdə heç bir öhdəlik hiss etmirəm.
- Belə bir fikir də var ki, şeir həm də poetik etiraz, çağırış və canatmadır, mövzu müxtəlif ola bilər - həyat, sevgi, cəmiyyət, müharibə, sülh və s.
- Şeir mənə görə meditasiyadır, rahatlıqdır, yenidəndoğuluşdur. Bütün problemlərimin ilkin həlli şeirlə olur - mütləq nəsə yazıram, sakitləşirəm. Sonra 2-ci mərəhələ başlayır - ağıl, nə etməliyəm, necə etməliyəm?
"Qədrini bilmədiyim adamı sevmirəm, qədrimi bilməyən də məni sevmir"
- Sizin üçün fəsillərin fərqi varmı? Məsələn, payız sizin üçün nədir?
- Mənim içim payızdır, üzüm yaz. Nə qədər gülərüz, şən görünsəm də, bu cür davransam da, daxilən bədbinliyim var. Ancaq onu çox az adamla bölüşürəm. Bölüşdüyüm o azların da qədrini yaxşı bilirəm. Mənə görə sevgi, vəfa elə qədirbilməkdir. Qədrini bilmədiyim adamı sevmirəm, qədrimi bilməyən də məni sevmir. Bu baxımdan payız içdir, özdür, başqadır...
- Bir şeirinizdə payızı qadına bənzədirsiniz:
Sarı saçlarını töküb çiyninə,
İlahi, nə gözəl qadındı payız.
Qadınsınızmı deyə belə düşünürsünüz?
"Payız isə haradan baxsan, qadındır"
- Mən şeir yazanda qadın və ya kişi olduğumu düşünmürəm. Ancaq əksər şeirlərimin qadın tərəfindən yazıldığı hiss edilir. Payız isə haradan baxsan, qadındır. Payız duyğusaldı, kişilər duyğusal olmağı ya bacarmırlar, ya da duyğusal olanda çoz zəif görünürlər.
- Ədəbiyyatla həyat arasında seçim varmı? Belə seçim olsa, hansını seçərdiniz? Ümumiyyətlə, ədəbiyyatı həyatdan ayrı təsəvvür etmək mümkündürmü?
"Ürək dövrü bitib, indi ağıl dövrüdür"
- Həyatı ədəbiyyata gətirmək mümkündür. Hansı ki yazdıqlarımız elə həyatdandır. Ancaq ədəbiyyatı həyata gətirmək 1:0 geridə olmaq deməkdir. Mənə çətin olsa da, deməliyəm ki, artıq ədəbiyyat dövrü deyil. Ürək dövrü bitib, indi ağıl dövrüdür.