Mən necə lal oldum...

Mən necə lal oldum...

04-01-2020 16:31 / Bu xəbər 1545 dəfə oxundu

Şəmşad Ağa

Azərbaycanın feysbuk məkanında - virtual çayxanada yenə xain axtarışları başlayıb; ata oğulu, qardaş bacını, əmioğlu əmioğlunu, qonşu qonşunu, həmyerli həmyerlini satqın çıxarmaqla məşğuldur. İki gün öncə həmrəy olub bir-birini təbrik edənlər ani və situativ hadisələrdən necə həyəcanlanıblarsa, təkcə adamlar yox, hətta mövzular bir-birinə girib. Kütlə psixologiyasından vətənpərvərlik fışqırır...

Nurlana Cəlilin linçi...

Dünən mənzərə bir az fərqli idi; Zaqatala uğrunda döyüşə başlayan milli vətənpərvərlik ordusu Nurlana Cəlil adlı aktivisti məğlub etməyə az qala "Ali Baş Komandandan əmr gözləyir”di ki, sonra nə oldusa, yadıma gəlmir...

Nurlana Cəlillə şəxsi tanışlığım yoxdur, heç virtual da o qədər əlaqəmiz olmayıb, yalnız deputatlığa namizədliyini irəli sürmək üçün DSK-ya sənədlərini təqdim edəndən və DSK tərəfindən qanunsuzluqla üzləşib işıqlandırandan sonra cənabların yadına düşüb ki, bəs bu "qələm qaş” bir il öncə yazdığı hansısa statusa görə PKK-çı imiş...

Kütləvi psixozdan əziyyət çəkənlər hətta qızın "PKK terror təşkilatıdır” açıqlamasından da usanmayıb Nurlananı Kandilə yola salmağa gedərkən yolda xəbər tutdular ki, bəs DSK qanunsuzluğu etiraf edib sənədlərini qəbul edib. Gördülər ki, bəs "kəcavə boşdur”, qayıtdılar...

Söhbət səngiməyə doğru gedərkən, axşam biri bu hüsnü-cəmalu, bu kəmal ilə yazıb soruşdu ki, sən bu qızı tanıyırsan?
Dedim ki, ey amaci-bəla, şəxsən tanımıram. Ərz etdi ki, ey əcəm oğlu, bəs niyə xəbərini paylaşmısan?
Dedim, DSK sənədlərini qəbul etmir, adam şikayətçidir, işimiz xəbər yaymaqdır.
Bakı-Ceyhan borusu uzunluqda bir giley-güzar yazdı, qısaca, küsdü və "sənə yaraşmır”, - dedi.
Sadəcə, bir cümlə yazdım: "Zülfünü bas yarama, qoyma məni qan aparır...”

Qasim Süleymaninin qətli...

İranlı general Amerika əsgərləri tərəfindən öldürüləndən sonra virtual çayxana yenə qaynaşır, səsdən qulaq tutulur, siqaret tüstüsü, siqar dumanı, bu kiçik otaqda boğur insanı, stəkan-nəlbəki cingiltisi bir-birinə qarışıb, ağız deyəni qulaq eşitmir. Bir dəstə Süleymanini qəhrəman, digər bir dəstə terrorçu adlandırır, razılaşmırlar, söyüşüb, boğuşurlar. Hüquq, siyasət qalıb bir tərəfdə, yenə millətçilik və ümmətçilik fontan vurur, ölkəni status seli basıb ki, bəs ay aman, Yaralı Araz, Dəli Kür, Qoşqar, Savalan, Koroğlu, Qırat, Misri qılınc, şimal-cənub dərdi...

Birdən yenə bir afət peyda olub yazdı ki, bəradər, necə baxırsan bu işlərə?
Dedim, ey arami-can, o işlərə mən yox, Trampla Xameneyi baxır...

Dedi yenə də bir az arayişi-söhbət eylə...

Ərzi-hal etdim, əzizim, ölən İran generalı, öldürən Amerika əsgəridir, hərbdir, savaşdır, iki düşməndən biri mütləqdir ki, birini öldürsün. Əmma, bunda ölkəmiz üçün əndişə edəcək bir halət görmədim, məmləkətin əndişəsi başqa...

Qınadı ki, xeyli insan Qasimi ənvarə çevirmiş. Dedim, ey gül, o qara gözlərinin qəmzəsinə and olsun, bütün totalitar ölkələrdə insanlar o qədər əzik və sınıq olurlar ki, qəhrəmanı başqa yerdə axtarırlar.

Süleymani öz xalqı üçün qəhrəmandır, əgər sənin xalqın da onu sevirsə, bu onun günahı deyil axı. Sən hələ dur bir öz generallarından soruş ki, sizi niyə sevmirlər, nə illətdir...

Amma qorxulu deyil, ötəri və ani hissdir, bir zırpaketlik canı var bu fb əhlinin, çayxana adamlarının. Birinin millət, birinin ümmət, amma Bakının da öz dərdi var, şair demişkən, məlum olub ki, prostatında şiş var...

Dedi nə dəxli var?

Dedim var, afət, var, oxu sənə kiçik bir haşiyə:

Bir əsgər yoldaşım vardı. 5 dəfə postdan qaçmışdı. Tuturdular, dədəsi ev-eşiyi satıb güclə həbsdən qutardı. Pulla ştabda saxladı, hər ay gedib-gəldi, az qala oğlu ilə birgə xidmət etdi. Sonra oğlan yenə qaçdı. Axırda hospitala aparıb "neqodnı" yazdırdı, götürüb apardı evə, kişinin də canı qutardı, Vətənin də...
Bir il sonra məni toyuna çağırdı, gedə bilmədim. Əsgər yoldaşlarımdan biri zəng edib dedi ki, Həzrət Abbas haqqı, inanmazsan, toyxananın üstünə Azərbaycan bayrağı asmışdı. Nitqim qurudu.

Bir müddət keçdi, məlum oldu ki, Rusiyada bazarda işləyir. İnstagramda tez-tez uşaqları ilə birgə barmaqlarını bozqurd işarəsi şəklində tutub çeşidli fotolar paylaşır.

Bu gün də təsadüfən, mənə yazdı, hal-əhval tutdu, ümumi vəziyyətlə, işimlə, hətta maddi-durumumla maraqlandı. Bundan sonra isə Nurlananı Süleymaniyə, Süleymanini Trampa qatdı. Xeyli danışdıq, axırda bilirsiniz nə dedi: "Nə işlə məşğul olursunuzsa, olun, amma kişi olun, vətəninizi sevin”.

Dilim tutuldu, açılanda davamını yazaram.