Mənə neylər bu daşqın, sel, ki dərya tək kənarım var...

Mənə neylər bu daşqın, sel, ki dərya tək kənarım var...

19-04-2018 11:16 / Bu xəbər 11228 dəfə oxundu

Əbülhəsən Raci 183l-ci ildə Təbrizdə doğulub, təhsilini də orada alıb.
 
Şəxsi mütaliə yolu ilə klassik Şərq ədəbiyyatını öyrənən Racinin peşəsi tacirlik imiş. 1876-cı ildə Həcc ziyarətinə getmiş, Məkkədən gəmi ilə qayıdarkən Qırmızı dənizdə tufana düşüb, 300 sərnişinlərlə birlikdə həlak olub.

Raci əsərlərini Azərbaycan və fars dillərində yazıb. Onun divanları və ayrı-ayrı şeirləri dəfələrlə Təbrizdə və Bakıda çap olunub. 

Arqument.Az Əbülhəsən Racinin məşhur qəzəllərini təqdim edir: 

Mənim bu aləm içrə bir qara gözlü nigarım var,
Gecə-gündüz fərağında nə səbrü, nə qərarım var.

Edərlər dərdbilməzlər məni təklif gülzarə,
Yüzün yadilə bilməzlər bir aləm növbaharım var.

Mənə sən cövr qıl daim, mən eylim səbr, ey zalım,
Sənin çoxdur əgər zurun, mənim də bircə tarım var.

Səri-zülfün kimi heç kim mənim əhvalımı bilməz,
Onun tək bir qəra bəxtim, pərişan ruzigarım var.

Hücümi- əşkə çeşmimdən qəmim yoxdu fərağında,
Mənə neylər bu daşqın, sel, ki dərya tək kənarım var.

Dedi Raci: Bu möhnətdən çıx, ey can, qurtulum qəmdən,
Dedi ahəstə: Səbr eylə, mənim bir intizarım var.

***

Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,
Bivəfalar əhdi tək sındırdılar peymanəni.

Ləli-canan tək uzaq oldı nəzərlərdən şərab,
Çeşmi-dilbər tək xumarə saldılar məstanəni.

Rindü şeyxü salikü zahid qarışmış bir yerə,
Çeşmi-həqbin yox, seçə namərd ilə mərdanəni.

Düşdi rövnəqdən gülüstani-vəfa, zağü zəğən
Bülbüli-şeyda yerində başlıyub əfganəni.

Atəşi-şövqi-məhəbbət yandururdı aqibət,
Şəmlər nahəq yerə yandurdilər pərvanəni.

Oldum həmrəng, cəmaət, eşqi-xalü zülf ilə
Rişteyi-zünnarə düzdüm səbheyi-səddanəni.

Ey dil, əl çək, yox bəni-növi-bəşərdə etibar,
Məskən et bayqusifət bir guşeyi-viranəni.

Kutəh eylün qisseyi-zülfi, ey ərbabi-üqul,
Rahət əgləşsün qoyun, zəncirdə divanəni.

Raci, gördüm tərgi-candur iqtizayi-ittihad,
Bəzmi-vəsli-xasə qoymazlar girə biganəni.