“Mənə qarşı böyük təxribat törədilib” — Fəzail Ağamalı

“Mənə qarşı böyük təxribat törədilib” — Fəzail Ağamalı

06-02-2020 18:55 / Bu xəbər 1257 dəfə oxundu

"Azərbaycanın hüquq-mühafizə orqanlarına, Mərkəz Seçki Komissiyasına müraciət hazırlayıram”.

Bunu Yenisabah.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. 

Bu gün deputatlığa namizəd Kamil Musəvi ilə aralarında baş verən qarşıdurma haqda danışan F. Ağamalı deyib ki, ona qarşı təxribat və cinayət hadisəsi törədilib.

"Bu gün saat 11-də 60 saylı Salyan-Neftçala seçki dairəsində seçicilərimlə görüş keçirərkən, görüşün sonuna yaxın deputatlığa namizəd Kamil Musəvinin ayrı-ayrı rayonlardan gətirdiyi və eyni zamanda, sərxoş və nəşəli halda olan 25-30 nəfərlik bir qrup mənə hücum çəkdilər, məni təxribata cəlb etməyə çalışdırlar. 

Eyni zamanda, Kamil Musəvi səsini qaldıraraq, nalayiq sözlərlə fikirlərini ifadə edərək, müxtəlif bəhanələrlə öz tərəfdarlarını mənim üzərimə qızışdırdı. Təbii ki, mənim yanımda olan seçicilərim ona imkan vermədilər. Çox çətinliklə son dərəcə aqressiv kütlənin içindən çıxmağa çalışdım. Məni maşına oturtdular. Maşında oturan zaman da onlar hücum etdilər. Maşına da kifayət qədər xəsarət yetiriblər. 

Eyni zamanda, mənim tərəfdarlarımın üzərinə hücuma keçdilər. Bir nəfər qadın Salyan rayon xəstəxanasındadır. Ağır vəziyyətdə ora düşüb. Tərəfdarlarımdan ağır xəsarət alanlar da var. Beləliklə, onlar təşkil olunmuş şəkildə mənə təxribat törətməyə çalışdırlar. Təbii ki, mən bu təxribata getmədim. Lakin onlar sözün həqiqi mənasında ciddi cinayətə yol veriblər. 

Mənim hüquqlarım tapdanıb. Hazırda millət vəkili kimi və deputatlığa namizəd kimi toxunulmazlığım var. Onlar buna məhəl qoymadan mənə hücum etdilər. Mənim əgər orada tərəfdarlarım olmasaydı, mənə xəsarət yetirəcəkdilər. Xəsarət yetirilənlər isə mənim tərəfdarlarım oldu. Onlara təpiklər, yumruqlar, daşlar vuruldu. Ağlı başında olmayan, kefli, hallanmış, narkotika qəbul etmiş 25-30 nəfər şəxs bizə hücum çəkdi. Azərbaycan hüquqi dövlətdir, burada hüququn aliliyi əsas götürüləcək. Hər hansı demokratik ad altında qanunları poza-poza gələn, digər namizədin üzərinə hücum edən Kamil Musəvi haqqında Azərbaycan qanunları çərçivəsində ciddi tədbir görüləcək. 

Hər-halda mən bunu bütün hüquq-mühafizə orqanlarından, bütün prosesə nəzarət edən Məzahir Pənahovdan gözləyirəm”. 

F. Ağamalı deyib ki, bu hadisədə Azərbaycan cinayət məcəlləsinin 126, 126.1, 126.2, 126.2.4, 185, 186, 186.1 maddələri ilə ona qarşı cinayət aktı törədilib.