Mənəvi Dəyərlərin Təbliği Fondunun şübhəli tenderləri - ARAŞDIRMA

Mənəvi Dəyərlərin Təbliği Fondunun şübhəli tenderləri - ARAŞDIRMA

13-09-2020 13:39 / Bu xəbər 1391 dəfə oxundu

Azərbaycan dövlətinin prioritet elan etdiyi sahələrdən biri də mənəvi dəyərlərin qorunması, milli və dini azlıqların mədəniyyətlərinin inkişaf etdirilməsidir. 
 
Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin oktyabr ayında imzaladığı Fərmanla Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. 
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Fond ölkədəki dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.
 
Mehman İsmayılov - Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
 
Bakıda və rayonlarda müxtəlif mövzuda treniniqlər, konfranslar, seminarlar təşkil edən edən Fondun nizamnamə kapitalı 100.000 manatdır.

Fəaliyyətini dövlət büdcəsinin vəsaitləri hesabına formalaşdıran Mənəvi Dəyərlərin Təbliği Fondu çoxsaylı dövlət satınalmaları həyata keçirən qurumlardandır. Ölkədə keçirilən digər dövlət maliyyəli qurumların əksəriyyətinin sifarişçi qismində çıxş etdiyi satınalmalarda olduğu kimi, Mənəvi Dəyərlərin Təbliği Fondunun da sifarişçi olduğu satınalmalarda qeyri-şəffaf və şübhəli məqamlara rast gəlinir. 
 
Qlobal.az Mənəvi Dəyərlərin Təbliği Fondunun 2020-ci ilin mart ayında yekun vurduğu satınalmalar üzərində araşdırma aparıb. 
 
Fondun 3 lot üzrə keçirdiyi satınalmanın ümumi məbləği 249.645 (iki yüz qırx doqquz min altı yüz qırx beş) manat təşkil edir. 
 
Fondun qeyd edilən tenderlərinin qalibi olan şirkətlər qeyri-şəffaflıqları ilə diqqət çəkir. 
 
Həmkəndlilər "mənəvi təbliğatda"
 
Mənəvi Dəyərlərin Təbliği Fondu 2020-ci ilin mart ayının 6-da "8 Mart Beynəlxalq Qadınlar Günü” bayram tədbirinin təşkil edilməsi lotu üzrə satınalmaya yekun vurub. Smetası 24.100 manat olan satınalmanın qalibi "DORTAYM" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. 
 
Qurum bu satınalmadan 13 gün sonra, mart ayının 19-da "Ziyalı işığında” mövzusunda seminarların təşkil edilməsi lotu üzrə daha bir satınalmaya yekun vurub.
 
Smetası 79.135 manat olan bu satınalmanın da qalibi "DORTAYM" MMC elan edilib. 
 
"DORTAYM" MMC 2019-cu ilin mart ayının 6-da Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 (beş) manat olan MMC-nin hüququ ünvanı Yasamal rayonu, general Akim Abbasov küçəsi, ev 3, mənzil 31 ünvanıdır. 
 
"DORTAYM" MMC-nin qanuni təmsilçisi Ağayev Amid Nizami oğludur. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə Ağayev Amid Nizami oğlu Sabirabad rayonunun Cəngan kəndində yaşayır. Ağayev Amidin xırda təsərrüfatla məşğul olduğu deyilir. 
 
Şirkəti 150 minlik tender udur, özü isə...
 
Mənəvi Dəyərlərin Təbliği Fondu 2020-ci ilin mart ayının 19-da daha bir satınalma həyata keçirib. "Bakı şəhərində təşkil olunacaq bir sıra tədbirlərin təşkil edilməsi" lotu üzrə keçirilən tenderin məbləği 146.410 manat, qalibi isə "CENGEN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətidir. 
 
"CENGEN GROUP" MMC 2019-cu ilin fevral ayının 7-də Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 (beş) manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 133 ünvanıdır. 
 
"CENGEN GROUP" MMC-nin qanuni təmsilçisi Qəhrəmanov Orxan Qəhrəman oğludur. 
 
Əldə etdiyimiz məlumata görə Orxan Qəhrəmanov Fondun sifarişçi olduğu digər satınalmanın qalibi elan edilən "DORTAYM" MMC-nin qanuni təmsilçisi Ağayev Amidlə eyni kənddəndirlər. Sabirabad rayonunun Cəngan kəndində yaşayan Orxan Qəhrəmanovun da xırda təsərrüfatla məşğul olduğu deyilir.

"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
 
Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişçi olduğu satınalmaların qalibi elan edilən MMC-lərin maddi-texniki bazaları, işçi qüvvələri, xidmət göstərmələri üçün hansı sertifikat və lisenziyalara sahib olması barədə heç bir məlumat yoxdur. 
 
Mənəvi Dəyərlərin Təbliği Fondu araşdırma ilə bağlı suallara cavab verməyib.