Mənsimov ittiham, SOCAR təkzib edir

Mənsimov ittiham, SOCAR təkzib edir

16-08-2019 13:44 / Bu xəbər 891 dəfə oxundu

Avqustun 15-də iş adamı Mübariz Mənsimov "Rəsulzadə” adına gəminin son durumu ilə bağlı məlumat  yayıb.

Məlumatı o, öz feysbuk səhifəsində yazıb.

O bildirib ki, məsələ ilə bağlı İstanbul prokurorluğunda cinayət işi açılıb.

""MAMMAD AMİN RESULZADE” gəmisini vuran "Doric Warrior” gəmisi barəsində İstanbul prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. Gəmi barəsində isə həbs qətimkan tədbiri seçilib”.
 
O deyib ki, gəmi ilə toqquşan "Doric Warrior” adlı gəmi "SOCAR Ukraine” şirkətinə məxsus yükləri daşıyır. 

Bundan başqa iş adamı gəmi ilə bağlı gəzən şayələr barədə yazıb: "Əminəm ki, hadisədən sevinən bəzi adamların nurdan məhrum üzləri daha da qaralacaq. Şadlıqlarından çürük və dayaz fantaziyalarını işə salıb gah yazıblar ki, gəmi yükludür, gah da yaziblar ki, gəmi köhnədir. Gülürəm bu yazdıqlarınıza, bunların toqquşma ilə nə əlaqəsi var? "Gəmi köhnədir” yazırsız… Mən yoruldum deməkdən ki, gəmi tanker idi və bütün yeni və müasir standartlarla quru yük gəmisinə konversiya edilib. Yeni "MAMMAD AMİN RESULZADE” gəmisi o qədər yenidir ki, hətta bəzilərindən daha uzun ömür sürəcək”.

Mübariz Mənsimov gəminin işə düşmə zamanında açıqlayıb: "Bu gəmi çox böyük bir şirkətlə müqavilə bağlamışdı ve buna əsasən, gəmimiz ilk yükünü daşımaq üçün səfərə hazırlaşırdı. Arzunuzu ürəyinizdə qoyacam, çünki 3-4 günə gəmi yenidən hazır olacaq”. 

Avqustun 15-də "SOCAR” məsələ ilə bağlı "Report.az” sorğusunu cavablandırıb: ""Palmali” şirkətlər qrupuna məxsus "Mammad Amin Rasulzade” gəmisi ilə toqquşan "Doric Warrior” adlı gəminin "SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur”.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov sözügedən hadisəni SOCAR-la əlaqələndirmək iddiaları tamamilə həqiqətdən uzaq və mənasız təxribat olduğunu deyib.

"Bunu Azərbaycana qarşı yönəldilmiş tamamilə həqiqətdən və məntiqdən uzaq olan, mənasız təxribat kimi dəyərləndiririk”, – deyə İ.Əhmədov deyib.

Avqustun 13-də işadamı Mübariz Mənsimova məxsus "Məmməd Əmin Rəsulzadə" adlı gəminin Liberiya bayraqlı "Doric Warrior" gəmisi ilə toqquşub.

Bu barədə M.Mənsimov özü sosial şəbəkədə məlumat yayıb. 

Onun sözlərinə görə, gəmi dayandığı yerdə başqa gəmi tərəfindən vurulub.

Əbülfət Baxşəli
Toplum.Tv