Mərhum jurnalist Aynur Mirhəsənin kitabı çıxıb

Mərhum jurnalist Aynur Mirhəsənin kitabı çıxıb

02-06-2020 23:37 / Bu xəbər 1035 dəfə oxundu

Mərhum jurnalist Aynur Mirhəsənin "Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb. Novator.az xəbər verir ki, bu, Aynur Mirhəsənin ilk kitabıdır. Sağlığında onun kitabı işıq üzü görməyib.

"Qanun” nəşriyyatının buraxdığı "Azadlıq ibadəti”ndə Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri, insan haqları, dövlət idarəçiliyi, dini etiqad və vicdan azadlığı problemlərinə həsr olunmuş məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb.

1976-cı il yanvarın 27-si Bakı şəhərində doğulan Aynur Mirhəsən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 

"Yeni Müsavat”, "Üç nöqtə”, "Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub.

2016-cı ildən Türkiyənin İstanbul şəhərində neyromarketinq üzrə ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda, ata yurdu olan Şamaxı yaxınlığındakı Qayıblı qəbiristanlığında dəfn olunub.

Kitabın redaktoru Hikmət Sabiroğlu "Azadlıq ibadəti”ni belə təqdim edir: "…Aynurun 44 ildən də kəm ömrünə sığan taleyini yazası olsaq, yaza bilsək, nəşr sənayesi o canda kitabı buraxmağa çətinlik çəkər…

Onun 20 ili ötən jurnalist ömrünə yoldaşlıq eləmiş hər yazısını toplayası olsaq, toplaya bilsək, eyni müşkül yaranar…

Gücümüz dəryada damlaya çatır – Aynurun ömründən keçmiş bir ovuc yazını təqdim edirik.

Amma bir damla, ya bir ovuc deyib ötməyək, "Azadlıq ibadəti” tale yazılarıdır:

Tariximiz və dövrümüz – zamanın taleyi.

Yurdumuz – yaralı torpağın taleyi.

Adamlar – hamımızın taleyi.

Yaradan – yazanın taleyi.

Sevgi, ağrı-acı, çırpıntı – sanki heç kimə heç nə demədən uzaq yola çıxmış, bir gün geri dönəcək Aynurun taleyi…”