Meriyada şübhəli və sirli tender: 2 milyon 5 yüz min manatlıq müəmma

Meriyada şübhəli və sirli tender: 2 milyon 5 yüz min manatlıq müəmma

16-08-2021 17:50 / Bu xəbər 730 dəfə oxundu

Azərbaycan Respublikasının Baş naziri 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması haqqında qərar qəbul edib.

Artıq iki ildir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtın təmir-abadlıq, tikinti-söküntü sahəsində fəaliyyət göstərir.

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərsə də, müstəqil formada müxtəlif sifarişlər üzrə dövlət satınalmaları həyata keçirir. Lakin şəffaflığın təmin edilməsi, vəsait itkilərinin qarşısının alınması məqsədi ilə yaradılan bu təşkilatın sifarişçi olduğu satınalmaların bəziləri əksər dövlət qurumlarının sifarişçi olduqları satınalmalarda olduğu kimi ciddi şübhələr yaradır. 

Qlobal.az xəbər verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC qaranlıq məqamlarla dolu olan, ciddi şübhələrə yol açan sifarişçi olduğu satınalmalardan birinə 2021-ci ilin avqust ayının 4-də yekun vurub. 
 
"Məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri" lotu üzrə keçirilən tenderdə "Xezer-Construkction" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. 
 


Satınalma müqaviləsinə əsasən, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC "Xezer-Construkction" MMC-yə 2.539.163 (iki milyon beş yüz otuz doqquz min yüz altmış üç) manat ödəyəcək. 

Qalib MMC-ni "sirr pərdəsi"nə kimlər bürüyüb?

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin 2021-ci ilin avqust ayının 4-də "Məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri" lotu üzrə yekun vurduğu tenderdə qalib elan edilən "Xezer-Construkction" MMC 2018-ci ilin fevral ayının 26-da dövlət qeydiyyatına alınıb. 

Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Mətləb Ağayev ev 36, mənzil 1 ünvanıdır. 
 

Bakı şəhərində məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin aparacaq "Xezer-Construkction" MMC-nin işçi qüvvəsi, texniki bazası, mühəndis heyəti barədə heç bir məlumat yoxdur. 

Həmçinin bu şirkətin yuxarıda qeyd edilən işləri aparması üçün hansı lisenziyalara sahib olması barədə də informasiya verilmir. 

Paytaxta asfalt çəkəcək şirkətin sahibi kimdir?
 

 
Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin rəhbəri Abit Əliyev

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin "məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri" lotu üzrə sifarişçi olduğu tenderdə qalib elan edilən "Xezer-Construkction" MMC-nin hazırkı qanuni təmsilçisi Abışov İslam Məhəmməd oğludur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, 2.5 milyon manatlıq tenderin qalibi olan "Xezer-Construkction" MMC-nin qanuni təmsilçisi 57 yaşlı Abışov İslam Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayan Abışov İslam dolanışığını xırda təsərrüfatla təmin edir, ancaq Abışov İslam Məhəmməd oğlunun son zamanlar Bakıya tez-tez səfərlər də etdiyi deyilir.
 

Maraqlıdır ki, Abışov İslam "Xezer-Construkction" MMC-yə şirkətin təsis olunduğu gündən yox, 2020-ci ilin sentyabr ayından "rəhbərlik" etməyə başlayıb. 

"Xezer-Construkction" MMC-nin əvvəlki qanuni təmsilçi isə Qurbanov Qurban Qüdrət oğlu olub. 
 


"Xezer-Construkction" MMC-nin faktiki ünvanı barədə isə heç bir bilgi yoxdur. 

Maliyyə və İqtisadiyyat Nazirliyinin nümayəndələri tenderə "göz yumub"?

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin 2021-ci ilin avqust ayının 4-də "Məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri" lotu üzrə yekun vurduğu satınalmanın məbləğinin böyük olduğuna görə bu satınalmada tender komissiyasının üzvləri ilə yanaşı, İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndələri də iştirak etməlidirlər. 
 

 
Maliyyə naziri Samir Şərifov

"Dövlət Satınalmaları Haqqında" Qanuna görə, smetası 300 min manatdan artıq olan satınalmalarda İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndələri iştirak etməlidir. 

Qanunvericiliyə uyğun olaraq İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndələrinin iştirak etdiyi 2.5 milyon manat məbləğində olan bir satınalmada texniki bazası, mühəndis və işçi heyəti barədə heç bir məlumat olmayan, qanuni təmsilçisinin isə əyalət kəndində xırda təsərrüfatla məşğul olan bir şirkəti qalib elan etməsi şübhəli görünür və ortaya xeyli ciddi suallar çıxarır.
 
Bakı Şəhər İcra Hakimiyyətindən tenderlə bağlı sorğuya münasibət bildirilməyib.