Məşhur film 50 ildən sonra qayıtdı

Məşhur film 50 ildən sonra qayıtdı

01-03-2022 10:53 / Bu xəbər 540 dəfə oxundu

1972-ci ildə çəkilən "Xaç atası” filminin 50 illik yubileyi şərəfinə "CinemaPlus” premium kinoteatrında tədbir keçirilib. 

Şou-biznes ulduzları, jurnalistlər, bloggerlər və digər qonaqların iştirak etdiyi tədbirin aparıcılığı Elvin Mərdanova həvalə edilib. 

Qonaqlar Kübra Rzayevanın rəhbərlik etdiyi opera kvartetini, Əli Əsgər Məmmədovun "Xaç atası”nın melodiyasının tarda ifasını, Fərid Mehdiyev və Diana Batakovanın gözəl tanqo rəqsini maraqla izləyiblər. 

Daha sonra tədbir iştirakçıları rejissor Frensis Ford Koppolanın məşhur "Xaç atası” filminin qısaldılmış versiyasını izləyiblər. 

Film 3 il ərzində bərpa edilib. 

Trilogiyada hər bir kadr üçün ən yaxşı təsviri tapmaqdan ötrü 300 qutu kinoplyonka araşdırılıb. 

Neqativlərdən ləkələri təmizləmək və rəngi bərpa etmək üçün aylarla gərgin iş gedib.

Qeyd edək ki, Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edən "Xaç atası” filmində əsas rolları Al Paçino, Marlon Brando, Ceyms Kaan, Dayan Kiton, Taliya Şayr, Riçard Kastellano və başqaları oynayır. 

"Xaç atası” ən yaxşı film, ən yaxşı kişi rolu (Marlon Brando), ən yaxşı uyğunlaşdırılmış ssenari üzrə "Oskar” mükafatını qazanıb və 1972-ci ilin ən çox gəlir gətirən filmi olub. 

"Xaç atası” bütün zamanların ən dahi aktyor heyəti ilə kinematoqrafiyanın kult əsəri hesab olunur.

Dünya kinosunun ən yaxşı filmlərindən biri "Xaç atası” "CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Ülviyyə