Meydan TV Avropa Məhkəməsində hökuməti uddu
21-09-2023 14:30 / Bu xəbər 713 dəfə oxundu
Azərbaycan üç jurnalistin işi üzrə cərimələndi
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanı daha 16 min 500 avro (30 min manata yaxın) cərimələyib.
Səbəb müstəqil jurnalistlərin ölkədən çıxışına qoyulan qanunsuz qadağalardır.
AİHM-in sentyabrın 21-də üç jurnalistin şikayəti əsasında çıxardığı "Aynur Qənbərova Azərbaycana qarşı” qərarla hökumət üç şikayətçiyə mənəvi zərərə görə 5 min, hüquqi məsrəflərə görə 500 avro ödəməlidir).
Şikayətçilər müstəqil jurnalistlər Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı və Aytac Əhmədovadır.
Onlar AİHM qarşısında ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə edildiyini iddia ediblər.
Bildiriblər ki, onlara tətbiq edilmiş məhdudiyyətlər Konvensiyada nəzərdə tutulanlardan fərqli məqsədlərə (18-ci maddə) xidmət edib.
Bu işdə ərizəçilərdən A. Qənbərova həm də axtarışa məruz qalıb.
O, axtarışa məruz qalmasının qanunsuz olduğunu (8-ci maddə) iddia edib.
AİHM qərarda Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi və Konvensiyanın 13-cü maddəsi ilə bağlı şikayətləri məqbul hesab edib.
Məhkəmə Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi və Konvensiyanın 13-cü maddəsinin pozuntusunu tanıyıb.
Qərara alıb ki, cavabdeh dövlət Konvensiyanın 34-cü maddəsi üzrə öz öhdəliklərini yerinə yetirməyib.
Ərizəçilər onlayn media kanalı olan Meydan TV-nin fəaliyyəti ilə bağlı cinayət işi çərçivəsində tətbiq edilən səyahət qadağasına məruz qalıblar.
Onlar 2015 və 2016-cı illərin müxtəlif tarixlərində ölkəni tərk edə bilmədiklərini öyrəniblər.
Ölkədən çıxış qadağası Meydan TV-nin fəaliyyəti ilə bağlı cinayət işi çərçivəsində heç bir məhkəmə qərarı olmadığı halda istintaq orqanları tərəfindən qoyulub.
Baxmayaraq ki, ərizəçilərin heç biri həmin cinayət prosesində mühakimə olunmayıb, təqsirləndirilən və ya şübhəli şəxs qismində cəlb edilməyiblər. Sadəcə, şahid qismində dindiriliblər. Bu da onların ölkədən çıxışına məhdudiyyət qoyulmasına əsas vermir.
İşin hallarında bildirilir ki, müxtəlif tarixlərdə ərizəçilər həm inzibati məhkəmələrə, həm də cinayət prosesini həyata keçirən orqanlar tərəfindən prosessual hərəkətlərin və ya qərarların qanuniliyinin yoxlanılmasına dair prosedura əsasən adi məhkəmələrə şikayət verməklə onlara qoyulmuş məhdudiyyətlərin qanuniliyinə etiraz edib. Lakin yerli məhkəmələr onların işi ilə bağlı araşdırma aparmaqdan imtina edib.
Sonda iş AİHM-nə gedib.
AİHM ərizəçilərin şikayətini təmin etsə də, Azərbaycan hökuməti bu işlə bağlı ərizəçilərin iddialarını əsassız və həddindən artıq hesab edib.
Jurnalistləri Avropa Məhkəməsində vəkillər Zibeydə Sadıqova və Elçin Sadıqov təmsil edib.
Məhkəmə Azərbaycan hökumətinə üç ay ərzində hər bir ərizəçi üçün müəyyən edilmiş təzminatı ödəmək öhdəliyi qoyub.