Meydan TV COP29-a buraxılmadı
12-11-2024 23:58 / Bu xəbər 511 dəfə oxundu
"Təəssüf ki, qeydiyyat üçün müraciətimi təsdiqləmədilər”
Müstəqil media Meydan TV-nin əməkdaşları COP29 akkreditasiyası üçün müraciət etsələr də qeydiyyata alınmayıblar.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) akkreditasiya platformasının fəaliyyətinə 2024-cü ilin iyulun 2-də başlanıb.
Konvensiyanın rəsmi saytında bildirilir ki, elektron platformada qeydə alınan ərizələr UNFCCC tərəfindən qiymətləndiriləcək və akkreditasiya məyarlarına cavab verən media nümayəndələri təsdiq bildirişini aldıqdan sonra asanlıqla qeydiyyatı tamamlaya biləcək.
Akkreditasiya 2024-cü il oktyabrın 21-də yekunlaşıb.
Meydan TV-nin əməkdaşı deyir ki, COP29-da iştirak üçün oktyabrın 19-da müraciət edib.
"Müraciətimdən sonra cavab gəldi ki, son 4 ayda adınızla çap olunmuş orijinal, adları çəkilmiş 3 iş nümunəsini təqdim edin. Yazıların dərc olunduğu vebsayta keçidlər də olmalıdır. Əlavə materialı yüklədikdən sonra ərizənizi yenidən təqdim edin. Mən də cavab olaraq yazdım ki, hakimiyyət tərəfindən repressiyaya məruz qaldığımız üçün təhlükəsizlik riskinə görə Meydan TV kanal üçün məzmun hazırlayan jurnalistlərin adını çəkməmək siyasətini həyata keçirir. Materiallarda adım ola bilməz. Əlavə təsdiq tələbi üçün müvafiq elektron ünvan qeyd etdim. Təəssüf ki, heç bir cavab vermədilər, qeydiyyat üçün müraciətimi təsdiqləmədilər”, – Meydan TV-nin əməkdaşı deyir.
Digər əməkdaş isə bildirir ki, akkreditasiyanın bitməsinə bir gün qalmış müraciət edib.
"Bəhanə budur ki, guya zaman bitib. Halbuki qeydiyyat oktyabrın 21-də saat 23:59-da bitirdi. Mən isə oktyabrın 20-də müraciət etmişdim”, – Meydan TV əməkdaşı bildirib.
COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf bildirib ki, konfransda iştirak üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib.
Onun sözlərinə görə, bunlar arasında həm yerli, həm də xarici media nümayəndələri var.