Meydanda "oturun-durun" komandası

20-01-2025 22:55 / Bu xəbər 1439 dəfə oxundu
Çingiz Sultansoy
20 Yanvar günü 1980-ci illərin sonunda Meydanın – o vaxtlar Lenin meydanı adlanan Azadlıq meydanının bir fenomeni, çox adamın indiyəcən anlamadığı və hətta lağ etdiyi bir fenomeni haqqında danışmaq və bu çox önəmli olayı təhlil etmək, çözmək lazımdır.
Nemət Pənahlının meydana "oturun-durun” əmrini verməsi və onminlərlə, bəlkə də daha artıq insanın bu əmrə riayət etməsi bu gün daha çox meydan hərəkatına, ondan doğan, yeni, daha yüksək mərhələdə davamı olan Azərbaycan Xalq Cəbhəsi hərəkatına qara yaxmaq, bəsit və primitiv göstərmək və aşağılamaq üçün istifadə olunur. Tam əminliklə deyirəm, bu nə Nemətin, nə də meydandakı insanların – toplumun ən fəal, passionar kəsimin axmaqlığı, səfehliyi deyil, və Azərbaycan Xalq Cəbhəsini bəyənməyən, ona qara yaxmaq istəyən adamların dediyi kimi, AXC-nin bəsitliyi deyil. Qətiyyən!
"Oturun-durun” komandasıyla oturub-duran adamlar daha sıx birləşir, hamısı Moskvanın Qarabağ məsələsində yeritdiyi siyasətdən narazı olaraq meydana məhz ona görə yığışsalar da, amorf bir kütlə halından o günkü sıx birliyə, sabahkı əqidədaşlığa aparan yolda ilk addımlarını atırdılar. Bu, şübhəsizdir!
İnsanların birliyi yalnız bir yerə yığışmaqdan keçmir, bu yaxşıdır, amma azdır. Birlik bir yerdə fəaliyyət göstərməkdən, birgə işdən, işbirliyindən keçir, qaynaqlanır və möhkəmlənir.
Ən sadə misal - yas yerinə başsağlığı vermək üçün gələn adamların bir-birinə münasibəti. Bir var masada bir yerdə oturub ondan-bundan söhbət də eləmədən bir stəkan çay içib, rəhmət oxuyub dağılışsınlar, bir də var bir yerdə işləsinlər - çadır qursunlar, masa-stul düzsünlər, ehsan bişirsənlər, yemək, çay paylasınlar, qab-qacaq yusunlar, bu mövzularda danışsınlar və s. Mümkün olabilən iradlar istisna, yas qurtaranda xeyli daha yaxın, daha mehriban tanış, bəziləri dost və həmkar kimi ayrılıb gedəcəklər.
Nemət Pənahlı və başqaları "otur-dur" komandasıyla bu birliyi yaradırdı və mən, artyq gənc olmayan, 36 yaşlı, Bakı Dövlətin riyaziyyat fakültəsini qırmızı diplomla bitirmiş, Moskvada, MQU-da stajirovkada olmuş, minlərlə kitab oxumuş, artıq "Gənclik” jurnalında işləyən, məqalələri və hekayələri çapolunan, yazıçı olmaq istəyən bir adam kimi bunu gzölçə anlayırdım və məmnuniyyətlə oturub-dururdum. "Общность и солидарность людей создается и укрепляются в совместных деяниях" cümləsini 1970-cilərin sonunda oxuduğum kitab indi də yadımdadır.
Oturub-duranda həm özümü bu nəhəng kütlənin bir zərrəciyi, xalqımın səngərdə dayanan oğlu hiss edirdim, həm də bir yerdə saatlarla dayanmaqdan sızıldayan ayaqlarımın qırışığını açırdım, soyuqdan donmaq əvəzinə isinirdim.
Belə bi fikrin Nemət Pənahlının öz ağlına gəlməsi və meydanda beləcə uğurla istifadəsi inandırıcı deyil, sözsüz ki. Natiqlik və liderlik qabiliyyəti, hətta istedadı olsa da, ali təhsili olmayan, kənddən gəlib zavodda fəhlə işləyən bir gəncin ağlına belə dərin birləşdirici ideya haradan və necə gələ bilərdi?
Bu halda ideyanı ona məhz Azərnaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş Birinci katibi, KQB generalı Heydər Əliyev ötürdüyünü düşünməyə çox əsas var. Nemət Pənahlının Heydər Əliyevlə əlaqələri çoxdan məlumdur, bunu Nemət özü də etiraf edib, ən azı Qurban Məmmədovun "AzeriFreedom” Youtube-kanalının efirində, 5-6 il öncə. Qurban bəy verilişinin bu məqamını yenidən ortaya qoysaydı, minnətdar olaram.
Sözümün sonucu. Deməli, bu "otur-dur" məsələsi qətiyyən kənddən gəlmiş savadsız gəncin əllaməliyi, gicdəməsi deyildi, KQB tərəfindən ötürülən, sınaqdan keçirilmiş və keyfiyyətli, hətta mükəmməl siyasi texnologiya, onun bacarıqlı tətbiqi idi. O illərdə KQB-nin sovet adamını necə idarə etməyi yaxşı bildiyinə şübhə edən varmı, görəsən?
Tofiq Yaqubluya və Bəxtiyar Hacıyevə zülm etmə, azad et!