Məzahir Pənahov seçkilərə yekun vurdu: “Baxılmamış məsələ qalmadı”

Məzahir Pənahov seçkilərə yekun vurdu: “Baxılmamış məsələ qalmadı”

26-02-2020 00:24 / Bu xəbər 433 dəfə oxundu

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolu təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə bu gün qərar qəbul edib. 

MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib edilməsi məsələsi müzakirəyə çıxarıb. Müzakirələrdən sonra fasilə verilərək protokol tərtib edilib. Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb.

Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, ötən müddət ərzində MSK daxil olan şikayətləri araşdırıb və qərarlar qəbul edib. 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli), 80 saylı İmişli-Beyləqan seçki dairəsində (lider namizəd Çingiz Qənizadə) səsvermənin nəticələri ləğv edilib.

Məzahir Pənahov deyib ki, seçki ilə bağlı bütün proseslər ictimaiyyətin gözü qarşısında keçirilib.  MSK sədri bildirib ki, bu seçkilərdə sosial şəbəkə fenomeni xüsusi rol oynayıb: "Seçkilərlə bağlı arşdırma işləri çox şəffaf şəkildə keçirilib. Bu müddət ərzində bütün proseslər ictimaiyyətə çatdırılıb. Bütün məlumatlar MSK-nın saytında da vaxtında yerləşdirilib. Ümumilikdə deyə bilərik ki, seçki prosesi çox yüksək səviyyədə keçirilib. Səsvermənin yekunları hərtərəfli araşdırılıb. Bu gün Mərkəzi Seçki Komissiyasında baxılmamış, araşdırılmamış məsələ qalmayıb”.

MSK sədrinin sözlərinə görə, siyasi partiyaların seçki prosesində müstəqil fəaliyyətinin şahidi olublar.  MSK sədri bildirib ki, tarixi canlanmanı yaşayırıq: "Seçkilərlə bağlı Azərbaycan ictimaiyyətinin bütün üzvləri arasında canlanma müşahidə edildi. Nəhayət, Azərbaycanda bütün tərəflər proseslərdə aktiv iştirak etməyə başlayır. Bu sevindirici haldır. Ölkə vətəndaşlarının faəliyyəti üçün bütün şərait yaradılıb. Bu gün bəzi insanlar da öz narazılığını bildirir. Bu normal haldır. Narazılıqların haqlı olanları MSK və müxtəlif qurumlar tərəfindən təmin edildi”.///azpost.info