MİA kütləvi repressiyaya başladı, məhkəməyə verilən sayt bloqa çevrildi

MİA kütləvi repressiyaya başladı, məhkəməyə verilən sayt bloqa çevrildi

06-11-2023 22:09 / Bu xəbər 2037 dəfə oxundu

Medianın İnkişafı Agentliyi (MİA) "Dünya" informasiya agentliyinin ("dia.az") fəaliyyətinə xitam verilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edib. 

Bu barədə Arqument.az-a "dia.az"ın baş redaktoru Məhəmməd Ərsoy məlumat verib. 

MİA "dia.az"ın məhkəməyə verilməsini "Media haqqında" Qanunun 73.1-ci maddəsi ilə əsaslandırıb.

Agentliyin məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd olunur ki, qanunun 73.1-ci maddəsinə görə, saytlar Media Reyestrindən keçməli idilər, amma "dia.az" indiyədək reyestrə müraciət etməyib. 

Məhəmməd Ərsoy isə deyir ki, indiyə qədər çox sayda sayt reyestrə müraciət edib, amma onları qeyd alımayıblar. O da bütün bu kimi bürokratik əngəllərə görə Media Reyestrinə müraciət etməyib: "Çünki bənzər saytların da qeydə alınmadığını görmüşəm. Bilirdim ki, müraciət etsəm də, qeydə almayacaqlar". 

Məhəmməd Ərsəoy onu da deyib ki, artıq sayt bu gündən xəbər saytı kimi yox, "Məhəmməd Ərsoyun bloqu" kimi fəaliyyət göstərir. Qanunda isə bloqların fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı bir müddəa yoxdur. 

"Arqument.az"a verilən məlumata görə, Media Agentliyinin kütləvi şəkildə saytlardan məhkəməyə şikayət edəcəyi bildirilir. 

İndiyə qədər 50-yə qədər saytın reyestrə müraciətinə baxılmayıb və ya onlara imtina cavabı gəlib. 

"Media haqqında" Qanun 2021-ci ilin dekabrın 21-də qəbul edilib. 

2022-ci il fevralın 10-da Prezident İlham Əliyev "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. 

2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydaları təsdiq edilib. 

Qaydalara görə, media subyektləri və jurnalistlər 6 ay ərzində Media reyestrinə müraciət etməli idilər. 

Bu qaydaların qəbulu bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. 

Onlar hesab edir ki, "Media haqqında" Qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Bundan başqa, "Media haqqında" Qanuna Venesiya Komissiyası mənfi rəy verib. 

Komissiyanın rəyində qeyd olunub ki, qanun mürtəcedir və Avropa Şurasının üzvü olan bir ölkədə belə bir qanun qəbul oluna bilməz. 

Qanunun Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyasına zidd olunduğunu əsas gətirən jurnalistlər və media rəhbərləri - Şəmşad Ağa, Ülvi Həsənli və Vüqar Qurdqanlı Konstitusiya Məhkəməsinə müraciət ediblər. 

Onların müraciətində qeyd olunub ki, Konstitusiya Məhkəməsi qanunun Konstitusiya və Konvensiyaya uyğunluğunu mübahisələndirməlidir. Lakin üstündən bir neçə  ay vaxt keçsə də, Konstitusiya Məhkəməsi hələ də işə baxmayıb. 

Yeri gəlmişkən, beynəlxalq təşkilatlar, Avropa Şurasının həmməruzəçiləri və Avropa Şurası Nazirlər Komitəsi də qanunun mürtəce olduğunu əsas gətirərək dəyişdirilməsini tələb ediblər.