"“Millətimiz pisdir”. Niyə?!"
06-09-2024 12:25 / Bu xəbər 5816 dəfə oxundu
Çingiz Sultansoy
MÜƏLLİFDƏN: Hələ oxuyacağınız, ""Millətimiz pisdir”. Niyə?!” adlı tarixi-siyasi-psixoloji və etnopsixoloji araşdırma 32 il öncə, Xocalı soyqırımından az sonra, o vaxt bütün azərbaycanlıları bürüyən ilk çağdaş və böyük məğlubiyyət, itki, ruhdan düşmək, matəm hissləri və başqa neqativ duyğuların təsiriylə yazılıb. Amma məqalənin mövzusu məni xeyli əvvəl, iyirmi ildən artıq müddətdə düşündürüb, rahatsız edib, hətta ağrıdıb.
Araşdırmanı təskil edən dörd məqalə "Azadlıq” qəzetində dərc olunmuşdu və Azərbaycanın halına biganə olmayan vətəndaşları, o cümlədən Azərbaycan türkləri arasında böyük rəğbətlə qarşılanmışdı. Üç il sonra AzTV-də işləyəndə bu mövzuda çəkdiyim iyirmi iki dəqiqəlik veriliş efirə getdi və böyük rezonans, hətta qalmaqal yaratdı.
Araşdırma işıq üzü görən 1992-ci ildən keçən və Azərbaycanın tarixi üçün çox önəmli və gərgin, müharibə və siyasi hadisələrlə dolu on il sonra, 2002-ci ildə problemin hələ də aktuallığını saxladığını görüb, "Media açarı” müstəqil jurnalist mükafatına təqdim etmək üçün məqaləni "Yeni Müsavat” qəzetində təkrar dərc etdim.
Yenə də ciddi rezonans doğurdu, "Media açarı”na nominant oldu, münsiflər heyətinin iclasında səslərin çoxunu topladı və açarı almağa lap yaxın idi, amma nizamnaməyə uyğun olaraq yeni, cari ildə yazılmadığı üçün almadı. Münsiflər heyətinin diqqətini bu məqama çəkən ovaxtkı dostum Azər Həsrət oldu.
2010-13-cü illərdə Azad Fikir Universitetində bu problem haqqında çıxış edib verilişimi göstərdim, AFU fəalları verilişi "Youtube"də paylaşdılar, toplam 100-150 000-dən çox baxış sayı yığdı, amma "Youtube"dən yığışdırıldı, çünki verilişdə xarici filmlərdən kontrafakt – pirat parçalar da vardı.
Müxtəlif illərdə bu mövzuda Spase TV, ABA TV, Osmanqızı TV, Turan TV ("Azərbaycan Saatı”), Günaz TV və b. telekanallarda çıxış eləmişəm, amma müşahidələrim göstərir ki, illər keçir, problem gah yumşalır, gah, indiki kimi, yenə kəskinləşir, amma həll olunmur, insanlar isə məqalədə qaldırılan problemdən və həlli yollarından xəbərsizdir və bu səbəbdən əziyyət çəkir, ürəklərinin içini yeyirlər.
Ötən onillər illər ərzində araşdırmanın xəbəri qonşu Gürcüstana, habelə Qazaxıstana, Özbəkistana, Qırğızstana, Tacikistana gedib çıxandan, - mövzu 1998-ci ildə Azərbaycan nümayəndəsi Qalib Əfəndiyevin iştirakı və məruzəsiylə Soros Fondunun Mərkəzi Asiya dövlətləri nüməyəndəlikləri konfransında müzakirəyə çıxarılmışdı və qızğın debatlar doğurmuşdu. Beləliklə, məlum oldu ki, məzkur xalqlar oxşar psixoloji fəsadlar yaşayıblar. Gürcüstandan xəbəri isə orada jurnalist seminarında iştirak edən tanınmış jurnasli və yazçı, mediaekspert Arif Əıiyev gətirmişdi.
İllər sonar bildim ki, ukraynalılar və moldavanlar oxşar psixoloji fəsad və pozuntular yaşayıb və yaşayırlar. Buradan belə bir mühakimə yürütmək olar ki, keçmiş SSRİ ərazisində yaşayan bütün xalqlar, o cümlədən ruslar bu psixoloji "xəstəliyi” müxtəlif ağır ya yüngül formada keçiriblər. Dünya xalqları - ingilislər, almanlar, şotlandlar və s. haqqında hələ 1992-də məqalədə yazmışam.
Bütün bunları düşünüb ""Millətimiz pisdir”. Niyə?!” tarixi-siyasi-etnopsixoloji araşdırma məqaləsini əməkdaşlıq etdiyim "Arqument.az” saytında bir daha çap eləmək qərarına gəldim.
Nəzərə alın ki, araşdırma otuz iki il əvvəl yazılıb - 2002-də edilən xırda əlavələr istisna - yeni reallıqları nəzərə alaraq redaktə edilməyib, çünki redaktəyə başlamaq məqaləni yenidən yazmaq deməkdir, bu isə indi girişə bilmədiyim iri həcmli və ağır işdir.
Oxuyanda görəcəksiniz - araşdırma Azərbaycan türklərinin milli psixologiyasının əyinti və pozuntuları probleminə həsr olunsa da, Azərbaycan xalqını təşkil edən bütün xalqların – ləzgi, talış, kürd, avar, tat, saxur, udin, xınalıq və başqa xalq və etnik qruplara, onların ziyalılarına da faydalı ola bilər.
I hissə
"BİZ HƏLƏ MİLLƏT DEYİLİK”
Azərbaycanda «Millətimiz pisdir» mövzusunda söz-söhbətlər narahatçılıq doğuracaq dərəcədə geniş yayılıb. Ara-sıra mətbuatda gedən yazılar bu halın çoxlarını qayğılandırdığını göstərir. Dükan-bazardan tutmuş Ali Sovetə kimi, yas məclislərindən toy məclislərinə kimi insan toplantılarında dönə-dönə təkrar olunan, çözələnən «millətimiz pisdir», «tənbəlik», «qeyrətsizik», «biz ən rüşvətxor millətik», «azərbacanlılar arasında birlik yoxdur və ola bilməz», «bir-birimizin ayağını çəkənik», «düşmən öz içimizdədir» və bu səpkili ifadələr azərbayçanlı şüurunda, təfəkküründə hansısa ciddi pozuntulardan xəbər verir.
Axır zamanlara qədər azərbaycanlıların bir qismi doğma dilini bəyənmir, mədəbiyyətinə, ədəbiyyatına, tarixinə, adət-ənənələrinə xor baxıdı. Bu meyl son beş-üç ilin hadisələriylə bağlı xeyli azalsa da, indinin özündə də çoxları Azərbaycan xalqını bir yığın avam, geridəqalmış, şüursuz, fərsiz, qabiliyyətsiz, əliəyri adam hesab edir, onun millət kimi formalaşmasına, millət səviyyəsinə çatdığına və hətta haçansa çatacağına şübhə ilə yanaşır. Belələri Azərbayçan xalqının yaradıcı potensialına, gələcəyinə inanmır, hesab edir ki, bu xalq birləşib erməni təcavüzünü cavabını layiqincə verə bilməyəcək.
Azərbaycanlıların müəyyən bir qismində milli ləyaqət və qürur hissi çatışmır. Hələ bu harasıdır? Elələri var ki, Azərbaycan xalqına mənsub olduğundan utanır və xəcalət çəkir... Bu tip adamların bəziləri millətini sevir, çox sevir, ancaq bununla yanaşı, yana-yana təzahürləri yuxarıda təsvir olunan milli nihilizmə (inkarçılığa) qapılır, sanki yaralarını qaşıyıb qanatmaqdan zövq alırlar.
Deyilənlər belə bir mühakimə yürütməyə əsas verir: azərbaycanlılar arasında natamamlıq kompleksi seziləcək dərəcədə yayılıb. Bütün millətlərin nümayəndələrində rast gəlinən bu psixoloji hala biz indi başqalarından dəfələrlə ehtiyatla yanaşmalıyıq. Birincisi, ona görə ki bu natamamlıq kompleksinin sirayət etdiyi adamların sayı az deyil və bu sayın artması ehtimalını nəzərdən qaçırmaq olmaz. İkincisi, bir müharibə vəziyyətindəyik, təcavüzə məruz qalmışıq, ona görə "Millətimiz pisdir” ovqatı Azərbaycan xalqının potensialına, gələcəyinə inamsızlıq, bölüm komandirinə, səngər yoldaşına subyektiv inamsızlıq şəklində təzahür edə bilər (və bəlkə də edir), bunun təhlükəli nəticələrinin isə izaha ehtiyacı yoxdur.
Bəs natamamlıq kompleksi nədir və necə yaranır?
Bu anlayışdan istifadə edəcəyimizə görə ona tərif və şərh verib aydınlaşdıraq.
NATAMAMLIQ KOMPLEKSİNİN İKİ TƏRİFİ
1. Psixoloq tərifi. Natamamlıq kompleksi – NK, filogenetik və ontogenetik (filogenez – növün, ontogenez – fərdin, şəxsin mənşəyi) strukturlar əsasında yaranan və mənfi emosiyalarla təzahür edən psixi proseslər qrupudur.
2. Psixiatr tərifi. Natamamlıq kompleksi – xarakterin obyektiv və subyektiv şəkildə müəyyən olunan əsas xüsusiyyətlərinin toplusudur, ən çox da inamsızlıq, qorxu, tavanasızlıq və gözüqıpıqlığın. Bu mənfi xüsusiyyətlər müalicə olunmadıqda artıb törəyərək qəlizləşmək, mürəkkəbləşmək xassəsinə malikdir.
NK TƏRİFLƏRİNİN ŞƏRHİ
Natamamlıq kompleksi subyektiv şəkildə şişirdilən fiziki və psixi çatışmazlıq anlayışlarını özündə ehtiva edən bir haldır. Bütün belə hallarda NK-nın daşıyıcısı öz nöqsanlarını və qüsurlarını əsassız olaraq şişirdir. Bu cür şişirtmənin əsasında zədələnmiş özünüdərk və təhrif olunmuş ailə, pedaqoji, dini, ideoloji və tərbiyə amilləri dayanır.
NK şüurun strukturunu və yönünü şərtləndirən dərkolunmaz qurumdur. "İlan vuran ala çatıdan qorxar” atalar sözündə qeyd edilən ala çatıdan qorxu hissi, yəni zəruri qorxudan artıq qorxu hissi ilanın çaldığı adamın "ilan kompleksinin” təzahürüdür.
Əslində NK daxildə özünə aşağı qiymət vermək, öz qədrini bilməməkdir. Bəxtiyar Vahabzadənin "Özgənin hinini Qəsri-Süleyman, özünün qəsrini hin bilir onlar” misraları məhz milli nihilist, milli zəmində natamamlıq kompleksinə mübtəla olmuş azərbaycanlı təfəkkürünün poetik səciyyəsidir.
DİAQNOZ
Bütün bu deyilənlərin nəticəsində belə bir qənaətə gəlmək olar ki, azərbaycanlıların müəyyən bir qsmində milli zəmində NK, başqa sözlə desək, Milli Natamamlıq Kompleksi – MNK müşahidə olunur. Bu qismin böyük və ya kiçik olduğunu, MNK-nın nə qədər yayıldığını mövzuya həsr olunmuş xüsusi sosioloji tədqiqat aşkara çıxara bilər.
AZƏRBAYCANLILARDA MNK-nın YARANMA SƏBƏBLƏRİ
1. OBYEKTİV SƏBƏBLƏR
1. Səfəvilər dövlətinin dağılmasından sonra vahid və qüdrətli Azərbaycan dövlətinin olmaması.
2. Azərbaycanın Rusiya və İran arasında parçalanması.
3. Sovet Rusiyası tərəfindən Azərbaycan Demokratik Cümhuriyyətinin boğulması və oyuncaq Azərbaycan SSRİ-nin yaradılması. (Bu üç bəndi şərti olaraq ”məğlub millət” kompleksi adı altında birləşdirmək olar).
4. Şərq və qərb mədəniyyətləri arasında marjinal mövqe. (Marjinal – kənarda, aralıqda olan deməkdir).
5. Azərbaycan xalqına sırınmış quruluşun, ideologiyanın, həyat tərzinin, qanunçuluğunun iqtisadi ukladına, adət - ənənələrinə, əxlaqına və s. uyğun gəlməməsi.
2. SUBYEKTİV SAYILA BİLƏN SƏBƏBLƏR
1. Bakı kommunasının, XI Qızıl Ordunun, 20-30 – cu illərin milləti başsız qoymuş, xalqı ziyalılardan məhrum etmiş kütləvi repressiyaları. Bu ümumi intellektual səviyyənin kəskin şəkildə aşağı düşməsinə gətirmişdir.
2. Kommunist rejiminin millətə zidd siyasəti.
3. Rusiyanın Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycana qarşı yeritdiyi ayrı-seçkilik siyasəti.
4. Cənubi Azərbaycan mövzusuna, Azərbaycan tarixi və mədəniyyətinin türk və islam tarixi və mədəniyyətləri kontekstində tədqiqinə və təbliğinə qoyulan yasaq. Bizə sırınmış rəsmi "kiçik xalq” rolu iə təhtəlşüur hissiyyatda, psixologiyada, adət-ənənlərdə yaşayan böyük xalq anlamı arasındakı ziddiyyətlər həmin yasağın nəticəsidir. (Bunu "qalyeqos”- keçmişdə İspaniyada yaşayan portuqaliyalırın kompleksi adlandırmaq olar).
5. Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad, Almaz Yıldırım, Salman Mümtaz və b. kimi müəlliflərin əsərlərinə yasaq qoyulması. Digər tərəfdən, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev kimi satiriklərin tənqidi əsərlərinin rolunun hakim ideologiyaya lazım olan şəkidə şişirdilməsi nəticəsində Azərbaycan ədəbiyyatında və ictimai fikrində pozulan təbii tarazlıq və ondan doğan əyintilər. Nəticədə özünü "Mirzə Cəlilin və Sabirin davamçısı” adlandıran bir çox Azərbaycan ziyalısında tənqid kimi dərk olunan tənqidbazlıq vərdişinin yaranması.
6. Ermənilərin siyasətdə, elmdə, idmanda, jurnalistikada, kinematoqrafiyada və b. sahələrdə azərbaycanlılardan artıq qazandığı uğurlar. Bunlar sadəlöhv təfəkkürdə nisbi yox, mütləq meyar götürülərək Azərbaycan xalqının güya qabiliyyətsizliyinin, tənbəlliyinin, fərsizliyinin sübutu kimi qəbul edilir.
MİLLİ ÖZÜNÜDƏRKİ AŞINDIRMAQLA MNK DOĞURAN TƏDBİRLƏR
2.1.AŞKAR TƏDBİRLƏR
1. Xalqın özünü adlandırdığı "türk” etnoniminin (milli adın) ləğvi və onun süni "azərbaycanlı” adı ilə əvəz olunması.
Bu tədbirin dağıdıcı gücünü çoxları hələ də tam təsəvvür etmir. Onun miqyasını göstərmək üçün etnoqrafların rəyinə istinad edək: "...etnik özünüdərk aşağıdakı komponentlərdən ibarətdir: etnosun özünə verdiyi ad, avtostereotip, – mənsub olduğun etnik qrup barədə təsəvvürlər, streotiplər, – digər etnik birliklər barədə təsəvvürlər, öz xalqının mənşəyi, tarixi, birgəyaşayış normaları barədə konsepsiyalar və bütün bunlarla bağlı dəyərlər sistemi, adətlər, ənənələr, rituallar, üslub və zövq, duyğu və temperament, inanclar, xürafat və s. Bütün bu komponentlər ierarxik quruluşa malik bir sistem yaradaraq bir-birilə əlaqədardır.
Görünür, ierarxiyanın zirvəsində etnosun özünə verdiyi ad dayanır.
"Etnik cəhətdən dəyərli”, yaxud etnodifferensial simvollar sistemini təşkil edən ideya və təsəvvürlər kompleksi bundan sonra gəlir.
Mənbə: Институт этнографии АН СССР, ежегодный сборник «Расы и народы», № 14, 1984, səh. 147
2. Tarixin saxtalaşdırılması.
3. "Mədəniyyət və ədəbiyyatda pantürkizm və panislamizmlə mübarizə” şüarı altında aparılan kütləvi repressiyalar.
4. Təhsil sisteminin kommunist ideologiyası əsasında qurulması. Tarixi və ədəbiyyatı təhrif olunmuş şəkildə tədris etməyin təhlükəsi yalnız onda deyil ki, şagirdlər orta məktəb proqramının iki fənnini zəif bilir. Təhlükə ondadır ki, xalqının əsil tarixindən və ədəbiyyatından xəbərsiz şagirdlər vətənpərvərlik anlamının əhəmiyytli hissəsini təşkil edən milli qürur və iftixar hisslərindən məhrum olur və demli, vətəndaş səviyyəsinə yüksələ bilmir.
5. İkiqat əlifba islahatı. "Xalqı daha tez maarifləndirmək” şüarı altında aparılan belə islahat nəticəsində xalqın görkəmli ziyalıları kəmsavad adam səviyyəsinə düşərək öncül yerini "yeni proletar ziyalılara” daha tez verir.
6. Azərbaycan dilinin dövlət idarəçiliyindən kənar edilməsi. Dövlət dili olan rus dilini zəif bilən azərbaycanlıların dövlət idarəçiliyində qarşılaşdığı dil çətinlikləriylə bağlı zəif mövqeyi. Yuxarıda göstərilən səbəblərdən doğan rus dilinə, rus mədəniyyətinə aşağıdan yuxar baxış və nəticədə uşaqlarını rusdilli məktəblərdə oxutmaq meyli. Rusdilli təhsil və tərbiyə nəticəsində ana dilini, milli mədəniyyətini zəif bilən uşaqlarda Azərbaycan barədə yanlış, həqarətli təsəvvürlər yaranması.
7. Ümumi "Dinə qarşı mübarizə” şüarı altında İslam dininə qarşı aparılan xüsusi mübarizə.
2.2.XÜSUSİ GİZLİ TƏDBİRLƏR
1. Azərbaycanlılara MNK aşılamaq üçün xüsusi xidmətlərin məqsədyönlü fəaliyyəti.
A. Kadr siyasətində. B. Kütləvi informasiya vasitələrində.
2. MNK-nın aşılanması üçün xüsusi xidmətlərin naməlum xüsusi tədbirləri.
Belə gizli tədbirlər görülməsinə bəlkə də çoxları inanmayacaq. Deyilənləri əsaslandırmaqdan ötrü etnoqraf Mosoniyə istinad edək. Mosoni Venesuelanın hind qəbilələrinin tədqiqi ilə məşğul olmuşdur. Onun müşahidə və nəticələrini Azərbaycanda aparılan " sovet milli siyasəti ” nin nəticələri ilə tutuşduranda çox maraqlı və kədərli analogiyalar üzə çıxır.
GENOSİD (SOYQIRIM)
Genosid birbaşa və dolayı olur. Birbaşa genosid xalqların və etnik qrupların fiziki məhvi, öldürülməsidir.
MASONİNİN TƏRİFİ
Dolayı genosid birbaşadan onunla fərqlənir ki, insan qrupları aşkar öldürülmür. O, etnosun yaşamasına və demoqrafik sabitliyinə qarşı yönəldilmişdir və aşağıdakılardan ibarətdir:
1. Aborigenlərin (yerli insan qruplarının) torpaqlarının gəlmə etnos tərəfindən zəbt edilməsi.
2. Aborigenlərin marginallaşdırılması və hüquqlarının tapdalanması (açıq və ya gizli).
3. Aborigenlərin istismarı.
4. Orduya məcburi çağırış.
5. Yerli adət-ənənələrin yox edilməsinə və aborigenlərin miqrasiyasına (köçüb getməsinə) yönəldilən tədbirlər.
6. Tibbi yardımın zəifliyi, çatışmaması və ya yoxluğu; bu, yerlilər arasında xəstəlik və ölüm hallarını artırır.
ETNOSİD
Etnosid – insan qruplarının sosial-mədəni cəhətdən məhv edilməsi, yəni milli-etnik əlamətlərinin silinməsi və yox edilməsidir. Birbaşa etnosidə klassik misal:
1. Ana dilinin işlədilməsinə yasaq.
2. Ənənvi din mərasimlərinin keçirilməsinə yasaq.
3. Milli musiqiyə və geyimə yasaq. Yəqin ki, milli mədəniyyətin başqa təzahürləri də nəzərdə tutulur
Sadalanan kədərli faktlar öz təcrübəmizdən bizə yaxşı tanışdır.