Milli Məclis buraxıldı
28-06-2024 15:31 / Bu xəbər 842 dəfə oxundu
Yeni seçkilər sentyabrın 1-də keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin buraxılması barədə sərəncam imzalayıb.
Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-nə təyin edilib.
İyunun 20-də YAP İdarə Heyətinin növbəti iclasında ölkə başçısına müraciət haqda qərar qəbul edilib.
Toplantıda çıxış edən YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, deputat Tahir Budaqov bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda – 2024-cü ilin noyabr ayında Azərbaycan Konstitusiyasının müvafiq maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir.
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edib.
Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.
İyunun 27-də Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun keçirdiyi iclasda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.
Konstitusiya Məhkəməsinin qərarına görə, "Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət edilməsi barədə” 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında ölkə başçısı tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyanın 981-ci maddəsinə uyğundur.
İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.
Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.