Milli Məclis Elman Rüstəmovun vəzifədən çıxarılmasını müzakirə etdi

Milli Məclis Elman Rüstəmovun vəzifədən çıxarılmasını müzakirə etdi

11-04-2022 19:52 / Bu xəbər 2673 dəfə oxundu

Prezidentin təqdimatı plenar iclasa tövsiyə edildi

Aprelin 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Prezidentinin təqdimatı müzakirə edilib.

Bu barədə Meydan TV-yə Milli Məclisdən məlumat verilib.

Bildirilir ki, "PAŞA Bank”ın İdarə heyətinin sədri Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi də müzakirə edilib.

Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar iclasında müzakirə üçün tövsiyə edib.

1983-cü ildə Bakıda doğulan Taleh Kazımov Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası” fakültəsinin bakalavr pilləsini bitirib.

Daha sonra Azərbaycan Dövlət Neft Akademiyasında MBA dərəcəsi və "Georgia State University”də kommersiya üzrə dərəcə alıb.

O, London Business School (Böyük Britaniya) və Harvard Business Schoolun (ABŞ) məzunu olub.

Taleh Kazımov 2007-ci ildən "PAŞA Bank”da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlayıb.

2009-ci ilin avqustundan isə Bankın Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutub.

2011-ci ildə "PAŞA Bank”ın İdarə Heyətinin üzvü, 4 il sonra isə bankın sədri seçilib.

1952-ci ildə Cəbrayıl rayonunda anadan olan Elman Rüstəmov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlayıb.

Elman Rüstəmov 1990-1992-ci illərdə Moskvada doktoranturada təhsil alıb.

O, 1991-ci ildən 1992-ci ilədək Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləyib.

E.Rüstəmov 1992-ci ilin dekabrında Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

1995-ci ilin yanvarından isə bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.