Milli Məclis payızda özünü buraxa bilər

Milli Məclis payızda özünü buraxa bilər

07-08-2021 11:48 / Bu xəbər 2405 dəfə oxundu

Payızda növbədənkənar Parlament seçkilərinin keçiriləcəyi gözlənilir.

Bu barədə "Arqument.az"a verilən məlumatda deyilir.

Bildirilir ki, artıq bununla bağlı Milli Məclis üzvlərinə də məlumat verilib. 

Bir neçə gün öncə "Statuskar" səhifəsi də Prezident Adminstrasiyasındakı mənbəyə istinadən sentyabrda belə bir qərarın verilə biləcəyi barədə məlumat yayıb. 

Milli Məclisin 20-dən artıq deputatı Parlamentin buraxılması ilə bağlı məlumatlara reaksiya verib. 

Onlar Milli Məclisin öz funksiyasını yerinə yetirdiyini, növbədənkənar seçkilərin keçirilməsi üçün heç bir əsasın olmadığını bildiriblər.
Mövzu ilə bağlı deputatların rəyləri
Foto mənbə: statuskar

Milli Məclisin deputatı Elman Nəsirov, Məşhur Məmmədov, Elnur Allahverdiyev, Etibar Əliyev və digərləri artıq sosial mediada öz etirazılarını da ifadə ediblər. 

Bəs bu müzakirələr haradan qaynaqlanır? 

İctimai müzakirələrdə bu mövzuda müxtəlif rəylər var. Məsələn, hüquqşünas Rəşid Hacılı sosial media hesabında yazır ki, alt səviyyədə kiminsə belə fikir səsləndirməsinə deputatlar belə xorla cavab verməzdilər: "Deməli, söhbət daha yuxarı səviyyədən gəlir. Təbii ki, prezident və ətrafı səviyyəsindən bir qərar kimi gəlsəydi, onda yenə də biz bu xoru görməyəcəkdik. Güman oluna biləcək mümkün variant belədir: PA səviyyəsindən Sahibə Qafarovaya tapşırıq gəlir ki, bəzi deputatları çağır tapşır ki, parlamentin buraxılması məsələsinə rəylərini açıqlasınlar. Təbii bilirlər ki, rəylər müsbət olmayacaq. İnanmaq çətindir ki, deputatlar "Nə deyək?" soruşmasınlar. "Etiraz edin", cavabı alıblar. Bu kütləvilik ondandır". 

"Arqument.az" Prezident Adminstrasiyasından xəbərə münasibət ala bilməyib. 
 
Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il 9 fevralda keçirilib.