Milli Məclisdə deputatla bağlı rəy verildi: "Toxunulmazlığı ləğv edilsin"

Milli Məclisdə deputatla bağlı rəy verildi:

02-08-2021 17:31 / Bu xəbər 3157 dəfə oxundu

Bu gün, avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Iclasda Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.

E. Səlimov iclasda çıxış edərək əməlini etiraf edib, üzr istəyib.

İntizam komissiyası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.

 iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.///APA