Milli Şura AXCP fəallarına qarşı işgəncələrdən narahatdır

Milli Şura AXCP fəallarına qarşı işgəncələrdən narahatdır

10-08-2020 15:06 / Bu xəbər 1604 dəfə oxundu

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) iyulun 14-15-də Bakıda keçirilmiş "Qarabağ yürüşü”ndən sonra saxlanılanlara qarşı işgəncə və amansız rəftar barədə bəyanatla çıxış edib.

Xalq Cəbhəsi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının taleyi xüsusi narahatlıq doğurur. Bəyanatda deyilir ki, indiyədək ona amansızcasına işgəncə verdiklərinə dair heç bir inandırıcı təkzib yoxdur.

Həbsdən iki həftədən çox keçməsinə baxmayaraq,  ailəsinə və qohumlarına onunla ünsiyyət qurmağa icazə vermirlər və vəziyyəti haqqında heç bir səhih məlumat yoxdur.

F.Qəhrəmanlı son dərəcə qəribə şəraitdə öz vəkilindən imtina edib və həbsindən şikayət etməyib ki, bu da onun vəziyyəti ilə bağlı şübhələri və narahatlığı daha da artırıb.

Dördüncü dəfə həbs edilmiş təcrübəli və cəsarətli siyasətçi F.Qəhrəmanlı tanıdığı vəkildən heç zaman vəkili könüllü olaraq imtina etməzdi və həbsindən apellyasiya verməkdən imtina etməzdi, bəyanatda deyilir.

Milli Şura AXCP-nin digər fəalları Feyruz Rəhimov, Baba Süleymanov, Paşa Umudov və hakimiyyətin son repressiya dalğasının qurbanı olmuş onlarla başqalarının vəziyyəti ilə bağlı analoji narahatlığını bildirir.

Milli Şura hakimiyyəti bu repressiyalara son qoymağa və AXCP-nin bütün günahsız fəallarını dərhal azad etməyə çağırır.

Milli Şura ombudsmanı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisini həbs olunanlara baş çəkməyə və onların vəziyyəti barədə ictimaiyyətə səhih məlumat verməyə çağırır.

Milli Şura beynəlxalq birliyi ünvanlı sanksiyalar da daxil olmaqla, Azərbaycan hökumətinə qarşı daha sərt xətt tutmağa çağırır.

Nəhayət, DQMŞ ölkənin demokratik ictimaiyyətini "Qarabağ məhbusları” və digər siyasi məhbusların müdafiəsində daha çox əzmkarlıq nümayiş etdirməyə, onların azad edilməsini tələb etməyə çağırır.

F.Qəhrəmanlının ailəsi də onun taleyindən narahatdır. İyulun 23-dən həbsdə saxlandığı müddətdə ombudsman ona baş çəkdikdən sonra F.Qəhrəmanlı yalnız bir dəfə qohumlarına zəng edib və söhbət təxminən 1 dəqiqəyə yaxın davam edib.

"Vəkil Bəhruz Bayramov F.Qəhrəmanlıya baş çəkdikdən sonra bizdə ümid işığı yarandı və narahatlıq bir qədər azaldı. Ancaq sağlamlıq problemlərini nəzərə alaraq, biz çox narahatıq. Fuad şəkərli diabetdən əziyyət çəkir və ağciyərlərində problem var”, - ailə üzvlərindən biri bildirib.

turan.az