Milli Şura: "Azərbaycan hakimiyyəti zorakılıq və işgəncəni adi hala çevirib"

Milli Şura:

25-09-2020 14:07 / Bu xəbər 319 dəfə oxundu

"Aqil Məhərrəmli 10 gün "kars"da saxlanılıb, yataqdan məhrum edilib"

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Aqil Məhərrəmli və Zamin Salayevin işgəncəyə məruz qalması ilə bağlı bəyanat yayıb.

DQMŞ bəyan edir ki, Azərbaycan hakimiyyəti həbs edilən şəxslərə qarşı fiziki zorakılıq və işgəncəni adi hala çevirib: "Aqil Məhərrəmli Penitensiar Xidmətin 3 saylı Vərəm Əleyhinə İxtisaslaşmış Müalicə Müəssisəsində ("Tubzon") saxlanılarkən gördüyü zorakılıq və işgəncələr buna sübutdur. Məlumatlar göstərir ki, orada müalicə müəssisəsi adı altında işgəncə yuvası düzəldiblər.

Aqil Məhərrəmli qeyd edir ki, "Tubzon"a guya COVİD19-a görə karantin məqsədilə salınsa da, orada eyni məqsədlə saxlanılan başqa məhkumlar kimi, hər hansı adekvat müalicə görməyib. Koronavirus xəstəsi kimi karantinə alınan məhkumarı bir otağa yığıb, saxlayıblar və bir-iki adi həb dərmanlar verməklə kifayətləniblər. Ümumiyyətlə, dustaqların müalicəsi üçün nəzərdə tutulan bu müəssisədə onlara işgəncə vermək şəfa qazandırmaqdan daha üstün və vacib bilinir, deyəsən. Aqil Məhərrəmli orada özünün və başqa dustaqların cərimə palatasına ("kars"a) salındığını, işgəncələrə məruz qaldığını nəql edir. Aqil Məhərrəmlinin özü 10 gün "kars"da saxlanılıb, yataqdan məhrum edilib, halı pisləşdiyi üçün həkim istəyi rədd olunub”.

Bəyanatda Zamin Salayevin də işgəncəyə məruz qaldığı iddia olunur: "Onu 16 saylı Cəzaçəkmə Müəssisəsində özünə qarşı haqsızlığa etiraz və o zaman aclıq aksiyası keçirən Tofiq Yaqubluya dəstək olaraq aclıq elan etdiyi üçün döyüblər, hadisə ictimailəşəndən sonra isə 17 saylı müəssisəyə köçurublər, lakin burada da o, aclığı davam etdirdiyi üçün cərimə kamerasına ("kars"a) salınıb”.

DQMŞ hesab edir ki, mövcud mənzərə ölkədə işgəncənin dövlət siyasətinə çevrildiyini və bu siyasətin getdikcə daha dərinləşdiyini göstərir: "Əslində, Azərbaycan xalqı da, dünya da bu siyasətin aydın təzahürünü ötən ilin 19 oktyabr mitinqində Milli Şura Koordinasiya Mərkəzinin üzvləri Əli Kərimli, İbrahim İbrahimli, Tofiq Yaqublu kimi ölkənin ən populyar siyasətçiləri və çox sayda başqa ictimai-siyasi fəallara ağır işgəncələr verilərkən görmüşdü. Baş verənlər diqtə edir ki, demokratik dünya və Azərbaycan ictimaiyyəti Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasına görə arxayınlaşmamalıdır. Ölkədə uzun müddətli və inzibati siyasi həbslər, işgəncələr, COVİD19-dan sui istifadə hələ də aktual olaraq qalır”.

"Avropa İşgəncə Komitəsi, BMT-nin müvafiq orqanları, Avropa Şurası, Avropa Birliyi, ABŞ, bütövlükdə sivil dünya Azərbaycan hakikiyyətindən dövlət siyasətinə çevrilmiş işgəncəni durdurmağı tələb etməlidir. Azərbaycan xalqı da bu siyasətə qarşı daha ucadan, daha mütəşəkkil və qətiyyətlə etiraz etməli, ölkədə dövlət səviyyəsində işgəncənin kökünü kəsmək üçün yekdil iradə ortaya qoymalıdır”, - deyə bəyanatda vurğulanır.

Milli Şura siyasi məqsədlə işgəncəyə rəvac və göstəriş verənlər və bu göstərişlərin icraçıların gec-tez qanun qarşısında cavab verəcəklərini bildirib.

A.Məhərrəmli 2018-ci il mayın 25-də partiyanın digər iki funksioneri – Babək Həsənov və Ruslan Nəsirli ilə birlikdə həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı, AXC fəallarından olan Saleh Rüstəmlinin Rusiyadan qardaşı oğlu Vidadi Rüstəmli vasitəsilə göndərdiyi pulu partiyaya və onun sədri Əli Kərimliyə çatdırmaqda ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə şərti cəza verilib.

Lakin təqsirləndirilən şəxslərin hamısı bu ittihamı rədd edir. S.Rüstəmli siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndərdiyini bildirib. Onun sözlərinə görə, məbləğ isə ittihamda göstərildiyi kimi 420 min dollar yox, iki il ərzində cəmi 10-11 min dollar olub.

AXCP Salyan şöbəsinin üzvü olan Z.Salayev bu il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib.

O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.