Milli Şura beynəlxalq birliyi Azərbaycandakı seçkiləri pisləməyə çağırdı
02-09-2024 14:05 / Bu xəbər 650 dəfə oxundu
Təşkilat növbədənkənar seçkiləri "saxta” və "qanunsuz” adlandırıb
Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini legitim saymır.
Bu barədə Milli Şuranın yaydığı bəyanatda deyilir.
Bəyanatda iddia olunur ki, seçkilərə seçicilərin əksəriyyəti qatılmayıb, səsverməyə gələnlər isə inzibati resurslardan istifadə olunaraq prosesə cəlb olunub: "Seçkilərdə seçicilərin iştirak faizi MSK-nın bəyan etdiyi (37 faizdən bir qədər artıq) rəqəmlərdən kəskin şəkildə fərqlənir və iştirak faizi son dərəcə aşağı – 10 faizin aşağısında olub”.
Bəyanatda qeyd olunur ki, ölkədə siyasi repressiya və qadağalar hökm sürür, demokratik fəaliyyət azadlıqları boğulur, müstəqil media sıradan çıxarılır: "Seçki ilə bağlı minimum rəqabət şərtlərinin olmadığı, əsassız olaraq oktyabr ayının 1-nə qədər uzadılmış karantin şəraitində sərbəst toplaşmaq azadlığının və xalqla açıq, sərbəst ünsiyyət imkanlarının məhdudlaşdırıldığı, seçki komissiyalarının hakimiyyətin total nəzarətində olduğu şəraitdə xalqın öz iradəsini ifadə etməsinə hər hansı imkan ola bilməzdi və olmadı da. Seçicilərin xeyli hissəsinin qonşu ölkələrdə yaşadığı şəraitdə 4 il 6 ay müddətində quru sərhədlərin bağlı saxlanılması izsiz ötüşməmişdir”.
Milli Şura növbədənkənar parlament seçkilərinin təyin edilməsini də Konstitusiyaya zidd addım hesab edir: "Konstitusiyanın 98.1-ci maddəsində hansı hallarda növbədənkənar Məclis seçkilərinin təyin edilməsi çox aydın şəkildə ifadə edilib. Lakin hazırkı növbədənkənar seçkilərin təyin edilməsi üçün Konstitusiyada göstərilən halların heç biri mövcud olmayıb. COP29 və ya digər hər hansı beynəlxalq tədbir növbədənkənar parlament seçkiləri təyin edilməsi üçün əsas ola bilməz və ya prezident öz səlahiyyətlərini aşaraq istənilən vaxta seçki təyin edə bilməz”.
Bəyanatda Venesiya Komissiyasının illərdir ki, seçki demokratiyasının təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü təkliflərin heç birinin qəbul edilmədiyi vurğulanır: "Hakimiyyət istisnasız olaraq Azərbaycanda bütün seçkiləri müşahidə etmiş Avropa Şurasını bu dəfə nədənsə seçki müşahidəsinə buraxmadı və AŞPA-nın 76 deputatının Azərbaycana girişinə qadağa qoydu. Kim tərəfindən dəvət edildiyi məlum olmayan "Oracle Advisory Group” ekzitpol təşkilatı sırf formal xarakter daşıyıb, hakimiyyət orqanları ilə ortaq işləmiş, özünün realliqla heç bir əlaqəsi olmayan saxta nəticələrini MSK-nın saxta nəticələrinə uyğunlaşdırıblar.
Həmçinin ölkədə 125 seçki dairəsi olduğu halda, 303 siyasi məhbus var. Hər dairəyə orta hesabla 2,42 siyasi məhbus düşür. Onların əksəriyyəti potensial namizədlər ola bilərdi. Siyasi məhbuslardan 20 nəfəri, o cümlədən ötən seçkilər zamanı "karusel”ləri, topa bülleten atılması, müxtəlif seçki saxtakarlığını izləməkdə böyük təcrübəsi olanlar jurnalistlərdir. Uzun illər ərzində ölkənin ən etibarlı seçki monitorinqi aparan, bu istiqamətdə yerli və beynəlxalq aləmdə böyük etibar qazanmış Havel mükafatı laureatı Anar Məmmədli seçki öncəsi saxta ittihamla həbs edilərək seçki prosesindən təcrid edilib. Ölkənin ən peşəkər media hüquqları üzrə mütəxəssisi Ələsgər Məmmədli seçki öncəsi əsassız qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Seçki saxtakarlığına qarşı sosial mediada zəngin mübarizə təcrübəsi olan Tofiq Yaqublu ssenariləşdirilmiş bir əməliyyat nəticəsində 8 aydan çoxdur həbs həyat yaşayır”.
"Hakimiyyətin inzibati resurslardan istifadə edərək insanları məcburi qaydada hakimiyyətin deputat təyin edəcəyi namizədlərin görüşünə gətirməsi haqlı olaraq cəmiyyətdə narazılıqla qarşılanıb. Ən zərərli hallardan biri bir sıra dairələrdə deputat yerlərinin vərəsəlik qaydasında ötürülməsi olub. Səsvermə prosesi də eyni qaydada, öncədən müəyyən edilmiş nəticələri rəsmiləşdirmək, xalqın adından istifadə edərək heç bir legitimliyi olmayan Milli Məclisi təyinat əsasında formalaşdırmaq məqsədi daşıyıb. Namizədlərin irəli sürülməsi mərhələsində və təbliğat – təşviqat dövründə hər hansı siyasi fəallıq olmadığı üçün səsvermə prosesinə də insanlar inamsız yanaşıb, məntəqələrə getməyə maraq göstərməyib”, – deyə bəyanatda qeyd olunur.
Milli Şura seçki günü "Azadlıq”, BBC, Meydan.TV və digər media orqanlarının seçki saxtakarlıqları barədə kütləvi video materiallar yaydıqlarını bildirib: "Bəzi jurnalistlər və müşahidəcilər inzibatı təzyiq və hədələrlə məntəqələrdən uzaqlaşdırılıb. Seçki prosesinin işıqlandırılması ilə bağlı peşəkar təcrübəsi olan "AbzasMedia”, Toplum TV, Kanal 13-ün jurnalistləri saxta ittihamlarla həbs olunaraq seçki prosesindən təcrid ediliblər”.
"Belə bir şəraitdə keçirilən, nəticəsi öncədən bəlli olan saxta seçki prosesi mənbəyi Azərbaycan xalqına aid olan hakimiyyətin növbəti dəfə mənimsənilməsi və xalqın azad, demokratik qaydada öz hakimiyyətini seçmək hüququndan məhrum edilməsidir. Milli Şura bu saxta seçki nəticələrini Azərbaycan xalqının iradəsini əks etdirmədiyi üçün qəbuledilməz sayır və xalqımızı saxta seçki nəticələrinə qarşı, yeni demokratik seçkilər keçirilməsi uğrunda fəal mübarizəyə çağırır.
Milli Şura beynəlxalq birliyə müraciət edərək Azərbaycan xalqının seçib-seçilmək hüquna və universal demokratik dəyərlərə hörmətlə yanaşmağa, saxta seçki nəticələrini tanımamağa, İlham Əliyev hakimiyyətinin öz xalqına qarşı həyata keçirdiyi saxtakarlıq prosesini pisləməyə çağırır”, – deyə bəyanatda vurğulanır.
Növbədənkənar seçkilərin keçirilməsinə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşəbbüs göstərilib.
Əsas kimi seçkilərin vaxtının Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal forumu – COP29 iqlim konfransının Bakıda keçirilməsilə üst-üstə düşməsi göstərilib.
Seçkidən bir gün əvvəl MSK sədri Məzahir Pənahov seçkilərdə 6 milyon 421 min 960 vətəndaşın səs verəcəyini deyib.
Komissiya sədri bildirib ki, seçkilər 6478 seçki məntəqəsində keçiriləcək, onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Məzahir Pənahov deyib ki, ümumilikdə 112749 yerli müşahidəçi var, onlardan 7077-i MSK-da, 105672-i isə dairə seçki komissiyalarında (DSK) qeydə alınıb.
Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edib.
Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.
Bundan öncə də Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidəyə dəvət etməmişdi.
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.
Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) "ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək, seçkiləri boykot edib.