Milli Şura Əli Kərimlinin həbsi ilə bağlı mətbuat konfransı keçirib

Milli Şura Əli Kərimlinin həbsi ilə bağlı mətbuat konfransı keçirib

18-11-2018 22:20 / Bu xəbər 1535 dəfə oxundu

Milli Şura Azərbaycan xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin və digər ictimai fəlların həbsi ilə bağlı mətbuat konfransı təşkil edib.

Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzininn üzvü Oqtay Gülalıyev məlumat yayıb. 

O.Gülalıyev bildirib ki, Milli Şuranın Koordinasiya Mərkəzi "Əli Kərimlini azad et" kampaniyasının başlamasına qərar verib.

"Hamını Əli Kərimlini və digər siyasi məhbusları qətiyyətli şəkildə müdafiə etməyə çağırırıq!", - deyə O.Gülalıyev vurğulayıb.

Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar kütləvi şəkildə "Şəhidlər Xiyabanı"na gediblər. Əllərində qərənfillər olan bu insanlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail rayon Polis İdarəsi-nə gətiriblər. Ümumilikdən 30-a qədər şəxsin saxlandığı açıqlanmışdı. Gecə saatlarında Cəmil Həsənli və bəzi fəllar sərbəst buraxılıblar.

Bakı şəhər Baş Polis İdarəsi Əli Kərimli və partiya fəallarının həbsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: "Noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq özlərinin adlandırdıqları "Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər.

Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib.

Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək".///Toplum.Tv