Milli Şura: "Rusiya sülhməramlıları dövlət suverenliyinə təhdiddir"

Milli Şura:

12-11-2020 14:11 / Bu xəbər 1478 dəfə oxundu

"Azərbaycan xalqının və Milli Məclisin məlumatı, razılığı olmadan, heç bir ictimai müzakirə keçirilmədən, ölkə müxalifətinin və vətəndaş cəmiyyətinin rəyi nəzərə alınmadan, heç bir hüquqi əsas olmadan gecə ilə, gizlin bir şəkildə Rusiya Silahlı Qüvvələrinin Sülhməramlı kontingentinin daxil olması Azərbaycan dövlətinin suverenliyinə, ərazi bütövlüyünə, milli maraqlara qarşı ciddi təhdiddir və Azərbaycan Respublikası Konstitusiyasının müddəaları ilə kəskin ziddiyyət təşkil edir”.

Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında belə deyilir. 

Milli Şura hesab edir ki, Azərbaycan ərazisində Rusiya Silahlı Qüvvələrinin yerləşdirilməsi dövlət suverenliyinə, ərazi bütövlüyünə, milli maraqlara qarşı ciddi təhdiddir və Konstitusiyanın müddəaları ilə kəskin ziddiyyət təşkil edir.

Bəyanatda xatırlanır ki, 1920-ci ildə Rusiya ordusu Azərbaycan Xalq Cumhuriyyətini işğal edib, onun mövcudluğuna son qoyub:

"Mərhum prezident Əbülfəz Elçibəyin siyasi iradəsi və dirənişi hesabına 1993-cü ildə böyük çətinliklə çıxarılan Rusiya Ordusunun yenidən və gözlənilmədən qayıtması Azərbaycanın Qarabağ üzərində suverenliyinin və ərazi bütövlüyünün məhdudlaşdırılması deməkdir. Rusiya Silahlı Qüvvələrinin 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ilin 26 fevralında törədilən Xocalı soyqırımı, 1992-93-cü illərdə Qarabağ torpaqlarının işğalındakı məşum rolu, eləcə də Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım və Donbas bölgələrinin işğalındakı birbaşa iştirakı Azərbaycan xalqının yaddaşından silinməyib. 27 sentyabrda başladılan əks-hücum əməliyyatı müddətində də biz, təəssüf ki, Rusiyanın birtərəfli qaydada işğalçı Ermənistan Respublikasını silahlandırmasının, hətta Moskva danışıqlarında iştirak edən Ermənistanın Xarici işlər nazirinin mülki təyyarəsilə Yerevana silah və digər hərbi yüklər göndərilməsinin şahidi olduq. Azərbaycan Müdafiə Nazirliyi, Prezident Administrasiyasının rəsmiləri və hətta prezident səviyyəsində dəfələrlə Ermənistanı silahlandırdığına, göndərilən 400 tonluq hərbi yüklə bağlı Rusiyaya etiraz bildirilib. Döyüş meydanında böyük strateji üstünlüklər əldə etdiyimiz, az qala Xankəndini işğalçılardan azad etdiyimiz və Ermənistanın dövlət rəsmilərinin bunu açıq şəkildə etiraf etdiyi bir vaxtda Azərbaycan siyasi rəhbərliyinin ordumuzun müzəffər yürüşünü dayandıraraq Rusiya Ordusunu ölkəyə dəvət etməsi Azərbaycan cəmiyyətində haqlı narazılıq və etiraz doğurub”.

Milli Şura sual edir ki, Rusiya Ordusunun Azərbaycanın dövlət suverenliyindən güzəşt hesabına Qarabağ ərazisinə yerləşməsi qarşılığında ətraf bölgələri siyasi danışıqlar yolu ilə azad etmək mümkün olduğu halda niyə Azərbaycan xalqı son həftələr ərzində minlərlə şəhid verməli idi?!

"Axı münaqışə predmeti Dağlıq Qarabağ ətrafındakı yeddi rayon deyil, Yuxarı Qarabağın özüdür. Yuxarı Qarabağın statusuna heç bir aydınlıq gətirmədən, daha öncədən prezident səviyyəsində tələb edildiyi kimi Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan, Yuxarı Qarabağın Şuşa və Hadrut istisna olaraq əksər əraziləri ermənilərin nəzarətində qaldığı halda bölgəyə Ermənistanın hərbi-strateji müttəfiqi olan Rusiyanın sülhməramlılarının yeridilməsi Qarabağ torpaqlarının taleyilə bağlı ciddi narahatlıq doğurur.

Xüsusilə də, bütün Azərbaycan müxalifətinin, rejimin ən sərt tənqidçiləri olaraq bizim dövlətimizə və ordumuza qurtuluş savaşında birmənalı və açıq dəstəyimiz fonunda İlham Əliyevin gecə ilə Rusiya və Ermənistan siyasi rəhbərliyilə atəşkəs sazişi imzalayaraq ordumuzun qalibiyyət yürüşünü durdurması, nəzarətə götürdüyü strateji mövqelərdən geri çəkilməsi və rus qoşunlarını ölkəyə dəvət etməsi ciddi suallar yaratmaya bilməz. Savaşın ilk günlərindən bütün imkanları ilə Azərbaycana mənəvi və siyasi dəstək verən Türkiyənin də masadan kənarda saxlanılması ölkəmizin çıxarları baxımından böyük itkidir”.

Bəyanatda Azərbaycan hökumətindən təcili qaydada beynəlxalq birlik - Türkiyə, Rusiya, ABŞ və Avropa İttifaqı ilə razılaşdırılmış şəkildə Qarabağ ərazisində sülhü təmin edəcək çoxmillətli neytral kontingentin formalaşdırılması istiqamətində addımlar atmaq tələb olunur:

"Yuxarı Qarabağ - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə üzərində Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Azərbaycan xalqı heç bir təzyiq və təhdid qarşısında öz topaqlarının bir qarışından imtina etməyəcək və gec-tez bütün Qarabağ üzərində öz suveren hüquqlarını bərpa edəcəkdir”.