Milyonların xərcəndiyi Yasamal parkı: milçək vızıltısı, üfunət... - FOTOLAR

Milyonların xərcəndiyi Yasamal parkı: milçək vızıltısı, üfunət... - FOTOLAR

23-08-2017 17:48 / Bu xəbər 2721 dəfə oxundu

Günəşin istisindən daldalanmaq üçün ağac kölgəsi gəzən  istənilən adam bura çatanda addımlarını yeyinlədir, ərazidən tələsik uzaqlaşmaq istəyir. Çünki üfunət iyi dayanmağa imkan vermir. 


Sakinlər "Heydər parkı" kimi tanıyır...
 

Söhbət məşhur Yasamal parkından gedir. "Qismət" şadlıq sarayının arxasında yerləşən bu parkı sakinlər "Heydər parkı" kimi tanıyır.  Vaxtilə açılışına yüzlərlə adamın toplaşdığı, dövlət büdcəsindən milyonların xərcləndiyi parkda indi adamdan çox toyuq-cücə var. Milçək vızıltısı uşaq qəhqəhələrindən çox gəlir.

Yeni Yasamaldakı parkın ətrafında əsasən məcburi köçkünlər yaşayır. Parkın içində uşaqların əyləncəsi üçün çox az atraksion var. Onlar da pullu xidmət göstərir. 

Zibil qabları gec-gec boşaldılır...
 

Sanki Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən unudulan bu parkın içərisindəki zibil qabları gec-gec boşaldılır. Xüsusən də yay aylarında havaların isti olduğunu nəzərə alsaq, ətrafa saçılan qoxunu təsəvvür etmək çətin deyil. 

Ətrafda yaşayan sakinlər tez-tez buradakı vəziyyətdən şikayətlənsələr də, problemə əncam çəkən yoxdur. 

İcra hakimiyyəti açıqlama vermək istəmədi...
 

Yasamal rayon İcra Hakimiyyəti Toplum Tv-nin suallarını cavablandırmaq istəməyib. İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamovla əlaqə saxlamağa çalışsaq da, danışmaq istəmədiyini bildirdilər.

Suallarımıza cavab almaq üçün Bakı şəhər İcra Hakimiyyətinə yönləndirilsək də, şəhər rəhbərliyindən münasibət öyrənmək mümkün olmadı.

Gülzar N. Məmmədli
Toplum.Tv