Mina Əliyarlının həbs təhlükəsi var

Mina Əliyarlının həbs təhlükəsi var

17-04-2024 02:32 / Bu xəbər 657 dəfə oxundu

"AbzasMedia” əməkdaşı dindirilməyə çağırılıb

"AbzasMedia” işi üzrə jurnalistlərin polisə çağırılmaları yenidən başlayıb.

Aprelin 17-də jurnalist Mina Əlyarlı yenidən Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) dindirilmək üçün dəvət olunub.

BŞBPİ-nin İstintaq İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi Toğrul Hüseynov aprelin 15-də ona zəng edib, bildirib ki, istintaqla bağlı ona əlavə sualları yaranıb.

Bu, eyni işlə bağlı jurnalistin ikinci dindirilməsi olacaq.

O, daha öncə, ötən il noyabrın 23-də istintaqa ifadə verib. 

İndiyə qədərki dövrdə iş üzrə dindirilməyə ikinci dəfə çağırılan bütün jurnalistlər həbs edilib.

Ötən il noyabrın 20-də "AbzasMedia”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb. 

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını qəbul etsə jurnalistləri 8 ilədək həbs cəzası gözləyir. 

Jurnalistlər ittihamları rədd edir, həbslərini "AbzasMedia”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Fevralın 24-dən başlayaraq "AbzasMedia” işi üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay artırılıb. 

Beynəlxalq təşkilatlar bu qərarları istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.(Meydan TV)