Mingəçevirdə kütləvi ixtisarlar: ictimai fəalın həyat yoldaşı işdən kənarlaşdırılıb

Mingəçevirdə kütləvi ixtisarlar: ictimai fəalın həyat yoldaşı işdən kənarlaşdırılıb

04-07-2024 14:04 / Bu xəbər 775 dəfə oxundu

"On günlük sosial məzuniyyətdə idim. Bitməyinə bir gün qalmış müdir mənə dedi ki, ixtisara düşmüsən. Məni, anamı işdən çıxarıblar”

37 yaşlı Leyla Həsənzadə məzuniyyətdə olduğu halda, Mingəçevir Su Kanal İdarəsindən işinə xitam verildiyini deyir.

2017-ci ildən həmin idarədə çalışan vətəndaş bunu həyat yoldaşı Elçin Həsənzadənin ictimai fəallığı, jurnalist mövqeyinə görə məqsədli şəkildə edildiyini bildirir: "Övladım narahat idi, 10 günlük sosial məzuniyyətdə idim. Dünən getdim ki, övladıma görə məzuniyyəti öz hesabıma uzadım, müdir dedi ki, ixtisara düşmüsən. 21 ilin işçisi anamı da işdən çıxarıblar. Anam təchizatçı, mən operator kimi çalışırdım. Anamın da xəbəri yox idi. Səkkiz operatordan beşinə ixtisar gəlib. Yeni işçiləri saxlayıb bizləri çıxarırlar. Həyat yoldaşıma iş verilmirdi deyə 220 manat  sosial yardım da alırdıq. Mən işdən çıxan kimi o da kəsiləcək”.

"Müdir deyir ki, bir ailədən iki nəfər işləyə bilməz. Bəs iki nəfəri birdən çıxarmaq nə deməkdir? Necə olur ki, bir ailədən 3-4 nəfər işdə qalır, amma biz yox. Deyirlər ki, iki ayın əməkhaqqısını al, çıx get. İxtisarla bağlı bildirişi belə vermədilər. Həyat yoldaşıma görə bizi sıxışdırıb Mingəçevirdən çıxarmaq istəyirlər. Himayəmizdə körpə uşaq var, həyat yoldaşım da işsizdir. Burada da kirayədə qalırdıq. İşimə görə burda qalırdıq. İndi istəyirlər ki, birdəfəlik buradan gedək. Belə haqsızlıq olar?” – deyə Leyla Həsənzadə qeyd edib.

İctimai fəal, jurnalist Elçin Həsənzadə də illərdir ki, işsiz olduğunu deyir.

Mingəçevir İcra Hakimiyəti və Məşğulluq İdarəsi məqsədli şəkildə onun iş istəyini geri çevirir, şikayətlərinə baxmır.

Dəfələrlə  mediada  və sosial şəbəkədə bu şikayətini işıqlandırdığına görə ona və ailəsinə daha da sərt münasibət var: "Mənim həyat yoldaşımın, qaynanamın işdən kənarlaşdırılması qərəzlidir. Üç ildir ki, işsizliyimlə bağlı müraciət edirəm, etiraz edirəm. Deyirlər ki, iş olanda verəcəyik. Belə deyib indi də həyat yoldaşımı işdən çıxarıblar. Bir tək çalışan, əməkhaqqı alan o idi ailədə. Kütləvi etirazlarıma görə 2021-ci ilin martında həbs olundum. Övladım belə xəstə, müalicə, müayinə altındadır. Necə dolanaq? Necə yaşayaq kirayədə? Belə haqsızlıq, belə insafsızlıq olar?”.

Leyla Həsənzadə deyir ki, iki il öncə də onu məqsədli şəkildə işdən çıxarmaq istəyiblər, ancaq həyat yoldaşının etdiyi etiraz nəticəsində işinə bərpa edilib: "İki il öncə pilot layihə gələndə mənə dedilər ki, səni çıxaraq, həyat yoldaşını işə qoyaq. Dedim nə fərqi var ki, mən işləyirəm də. Sanki məsxərə idi. Etiraz etdik deyə qaldıq. Yoxsa çoxdan çıxarmaq istəyirlər. Əslində oktyabra qədər analıq məzuniyyətində olmalıyam. İşə görə məcbur olub uşağın yaş yarımından işə çıxdım. İndi isə 10 günlük sosial məzuniyyətdə idim. Məzuniyyətdə olan işçini işdən kənarlaşdırmaq qanuna ziddir”.

Birləşmiş Su-Kanal MMC-nin Mingəçevir Su Kanal Sahəsinin rəhbəri Samir Əliyev Meydan TV-yə öncə heç kimin işdən kənarlaşdırılmadığını desə də, sonradan Prezidentin sərəncamı ilə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ləğvi ilə artıq regional işçilərə kütləvi bildirişin gəldiyini bildirib.

Onun sözlərinə görə, bildiriş gələnlərdən kimlərin işdə qalacağı tərtib olunacaq yeni əsasnamə və ştat cədvəlinə uyğun bilinəcək. Öncə neçə işçiyə bildiriş gəldiyini "bilmirəm” desə də, sonra 299 nəfər olduğunu etiraf edib: "İçi mən qarışıq bütün işçilərə ixtisarla bağlı bildirişlər paylanılıb. Hamıya verilib, tək o işçiyə yox. Kim qalacaq, kim gedəcək, onu deyə bilmərəm. Yenidən əsasnamə tətbiq olunacaq, yeni ştat cədvəli gələcək. Sonuc nə olacaq, mən deyə bilmərəm. Amma faktiki olaraq ölkə üzrə işçilərə bildiriş gəlib. Bizim idarədən 299 nəfərə bildiriş verilib. Həmin qadın sosial məzuniyyətdə deyil, sabahdan işdədir. İxtisar olanda hamıya bildiriş gəlir, sonra bilinir kim qalır, kim gedir. İdarə yoxdur, ləğv olunub. Əlimdə ştat cədvəlim yoxdur. O qadına bildiriş verilib, amma gedəcək, ya qalacaq, bu, məlum deyil”.

Samir Əliyev deyir ki, işçiyə təqdim etdiyi bildirişdə qarşıdakı iki ayda yeni iş axtarmasına dair tövsiyə var: "Bildirişdə yazılır ki, sizi iki ay müddətinə yeriniz ixtisar olunduğuna görə həftənin bir günü yeni iş axtarmalısınız, iki ay müddətinə işə gəlib əməkhaqqınızı da alın.  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində yeni şəhərlərin Birləşmiş Su Təchizatı xidməti publik idarəsi yaranıb. Heç bilmirəm məni ora qəbul edəcəklər, ya yox, işçini haradan bilim?”.

Vətəndaş Leyla Həsənzadə isə bunu "ağ yalan” adlandırır: "Bütün işçilərə deyil, bunların seçib çıxardığı işçilərə bildiriş gəlib. O bildirişi bizə vermədilər, ancaq tanış etdilər. Guya üstündə işlənilir. Mənə də dedilər ki, işə gəlmə. İki ay əməkhaqqını alacaqsan, bitdi. Özü isə dedi ki, özü rəhbər olaraq işdə qalır. Digər qohum-əqrabaları da işdədir. Mən ölkə rəhbərinə müraciət edəcəyəm”.