Miranda telefon dinləmələri ilə bağlı yeni detallar açıqladı

Miranda telefon dinləmələri ilə bağlı yeni detallar açıqladı

23-07-2021 14:03 / Bu xəbər 4798 dəfə oxundu

"Azərbaycanda proqramdan sistematik şəkildə sui-istifadə olunub"

"Əldə etdiyimiz siyahıda Azərbaycandan 1000-dən çox telefon nömrəsi var. Əslində, biz çox qısa siyahını və ya hədəf alınan insanların çox qısa siyahısını paylaşmışıq. Biz təxminən 250 nəfərin kimliyini müəyyən edə bilmişik. Bu isə bütün siyahının, sadəcə, dörddə biridir. Amma bu, çox əhəmiyyətlidir, çünki biz görürük ki, nömrələrin demək olar ki, hamısı vətəndaş cəmiyyəti üzvləri və ya insan haqları müdafiəçiləri, xüsusilə də müxalifət liderləri və müxalifət fəallarıdır. Bu da Azərbaycanda kimlərin hədəf alındığını göstərir".

Bu açıqlamanı Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin araşdırmasının həmmüəlifi Miranda Patruçiç "Amerikanın Səsi”nə müsahibəsində səsləndirib.

Miranda Patruçiç deyib ki, onlar tam siyahını paylaşmayacaqlar: "Çünki biz ictimaiyyətin bilməli olduğuna inandığımız yolda irəliləmişik, amma hər bir insanın adının ictimaiyyətə açıqlanmasına ehtiyac yoxdur. Mən son bir neçə gündə kimliklərini müəyyən etdiyimiz insanlara xəbərdarlıq göndərmişəm. Onların hamısına olmasa da, çoxuna məndən mesaj gedib. Bildirmişik ki, biz bu nömrənin sizə aid olduğunu müəyyən etmişik və bu nömrə hədəf alınan nömrələrin arasındadır. Biz insanları xəbərdar etməkdə davam edəcəyik. Bizim xəbərdar etmədiyimiz yeganə insanlar, bəlkə də, artıq həmin nömrədən istifadə etməyən insanlardır. Mən onların "WhatsApp”, "Signal”, "Viber” və ya başqa təhlükəsiz kommunikasiya proqramlarını görmürəm ki, onlarla birbaşa əlaqə saxlaya bilim. Yəni bunun kimi bir neçə hal var ki, mən onlara məlumat verməmişəm. Həmçinin biz heç bir müxalifət liderini və bir neçə müxalif fəalı xəbərdar etməmişik".

O, "Pegasus” proqramının sahibi "NSO Group" şirkəti iddialarına da reaksiya verib.

Miranda bildirib ki, şirkətin dövlətlərin proqramdan insanların telefonlarını izləyib-izləməməsini bilməsini müəyyən etmək çətindir: "Amma Azərbaycanda bizim adlarını müəyyən edə bildiyimiz 250 nəfərə baxaraq mən belə bir nəticətə gəlirəm ki, softveyrdən bir neçə dəfə deyil, sistematik bir şəkildə sui-istifadə olunub və o, mütəşəkkil cinayət, narkotik qaçaqmalçılığı, insan qaçaqçılığı kimi legitim məqsədlərlə deyil, müxalifət liderlərini hədəf alıb, onları təqib etmək, jurnalistlərin və fəalların həyatlarına müdaxilə etmək üçün istifadə olunub. Bu isə "Pegasus” kimi casusluq proqramlarının sui-istifadəsidir".

""NSO Group"un müştərilərindən hər hansısa proqramdan terrorçular və cinayətkarları izləmək üçün istifadə edibmi?" sualına Miranda Patruçiş cavab verib ki, onlar xüsusilə də Meksikada bəzi cinayətkarların nömrələrini müəyyən ediblər: "Yəni Azərbaycan kimi hər kəs bu softveyrdən sui-istifadə etməyib. Əlbəttə ki, bunu demək çətindir, çünki cinayətkarlar nömərlərini yaxşı gizlədə bilirlər və onları tez-tez dəyişirlər. Mən Azərbaycanda nömrələrini müəyyən etdiyimiz insanlara bu barədə məlumat verəndə bəziləri eyni nömrəni 15-20 il işlətdiklərini deyib. Mütəşəkkil cinayət qruplarının üzvləri isə nömrələrini bir neçə həftədən bir dəyişir. Məncə, biz bu nömrələrin çoxunu müəyyən edə bilməyəcəyik, çünki adətən jurnalistlərin telefon kitabçalarında mütəşəkkil cinayətkarların nömrələri olmur. Ona görə mən hesab edirəm ki, bu proqramdan cinayətkarları izləmək üçün istifadə olunub. Amma bizim, xüsusilə də, Azərbaycanda müəyyən etdiyimiz nömrələrdən aydın görünür ki, proqramdan sistematik şəkildə sui-istifadə olunub".

İzlənmənin qanuni olub-olmamasına gəlincə, araşdırmanın həmmüəllifi deyib ki, Azərbaycanda hökumət lazım olan addımları atmadan istədiyi hər kəsi izləyə bilər: "Azərbaycan Konstitusiyasında insanları izlənməyə və həyatlarına bu cür müdaxilə olunmağa qarşı qoruyan hüquqları var. Lakin eyni zamanda, hökumət və rejim o qədər çox boşluq yaradıb ki, bu onlara Azərbaycan vətəndaşlarını kütləvi şəkildə izləməyə imkan yaradıb. Onlar illər boyu o qədər çox texnologiya əldə ediblər ki, bu onlara nömrələri, internet trafikini və sairəni izləməyə imkan verir".

İyulun 18-də Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) yaydığı yeni araşdırmada İsrailin NSO Group şirkəti tərəfindən işlənib hazırlanmış Pegasus proqramı vasitəsilə siyasətçilərin, jurnalist və fəalların izlənildiyini bəyan edib.

Siyahıda 50 min nömrənin, Azərbaycandan isə 250-dən çox şəxsin adının olduğu deyilir.