Misirdə yeni Süveyş böhranı
05-01-2023 13:48 / Bu xəbər 957 dəfə oxundu
Misir hakimiyyəti Süveyş kanalının özəlləşdirilməsilə bağlı narahatlıqları aradan qaldırmağa çalışır.
Keçən həftə Misir parlamenti sərmayə şirkətlərinin yaradılması, habelə istiqrazların alqı-satqısı, icarəsi və emissiyası kimi müxtəlif iqtisadi fəaliyyət növlərini həyata keçirə biləcək ""Süveyş Kanalı Fondu"nun yaradılması haqqında" Qanun layihəsinə razılıq verib.
Hakimiyyət orqanlarının mövqeyi ictimai rəyi təşvişə salıb.
Misirlilər dövlətin Süveyş kanalı üzərindəki suverenliyinin şübhə altına alındığından qorxurlar və bu, ölkənin 150 milyard dollarlıq xarici borcunun fonunda baş verir.
Bu borc ölkə iqtisadiyyatını boğur və artıq yerli valyuta son 9 ayda 57% devalvasiyaya məruz qalıb.
Süveyş Kanalı İdarəsinin ("SCA") rəhbəri Usama Rabi yeni qanunun Misir iqtisadiyyatı üçün fəsadlar yaradacağı ilə bağlı qorxular yarandıqdan sonra, həmvətənlərini ölkənin strateji dəniz arteriyasının "satılmadığına" inandırmağa məcbur oldu.
Dünya ticarətinin təxminən 10%-nin Süveyşdən keçməsilə kanal Misir xəzinəsi üçün valyuta gəlirlərinin əsas mənbəyidir. Habelə kanal ökənin əsl milli simvoludur.
"SCA" rəhbəri jurnalistlərə: "Kanal satıla, icarəyə verilə və kredit üçün girov qoyula bilməz”, - deyərək vəziyyəti xilas etməyə çalışıb.
O əlavə edib ki, yeni fondun yaradılması "böyük layihələrə” investisiya yatırmağa imkan verəcək. Amma misirli iqtisadçı Xani Tofiq hesab edir ki, yeni layihə kanaldan gələn gəlirləri girov kimi yerləşdirməklə dövlət borcundan xilas olmaq məqsədi daşıyır.
Usama Rabi bu fərziyyəni təkzib edərək yeni strukturun yaradılmasında əsas məqsədin xarici sərmayələri cəlb etmək olduğuna işarə edib.
O, dövlətin kanalla bağlılığını vurğulayaraq kanalın hələ 1956-cı ildə Prezident Camal Əbdül Nəsir tərəfindən milliləşdirildiyini xatırladıb.
Bununla belə, "SCA"nın sabiq rəhbəri Moxab Məmiş hesab edir ki, yeni qanun layihəsi kanalın idarə edilməsində xarici iştiraka imkan verərək görünməmiş dəyişikliklərə qapı açır.
"Xarici sərmayəçilər onilliklər ərzində mövcud olan və rekord səviyyədə gəlir gətirən sistemi dəyişə bilərlər", - deyə o, yerli mediaya açıqlamasında deyib.
2022-ci ilin iyul ayında Süveyş kanalı rekord gəlir gətirib: 7 milyard dollar.
Qanun layihəsinin öyrənilməsi Misir Nazirlər Kabinetinin Beynəlxalq Vulyuta Fonduna kömək üçün müraciəti fonunda baş verir.
Dekabrın ortalarında təxminən 4 il müddətinə BVY Misir dövlətinə 3 milyard dollarlıq kredit verib.
BVF Misirə maliyyə yardımını "makroiqtisadi sabitliyin qorunması” və özəl sektorun aparıcı rol oynayacağı "dayanıqlı və inklüziv inkişaf üçün şəraitin yaradılması” adlı dövlət proqramlarının qəbulu müqabilində edib.
Hökumətin nəzərdə tutduğu islahatlar həm də dövlət borcunu azaltmalı və dövlət büdcəsinin sosial sahə üzrə xərclərini artırmalıdır.
Camal Cavadbəyli












