Mitinqə görə müsavatçıların saxlanıldığı bildirilir

Mitinqə görə müsavatçıların saxlanıldığı bildirilir

19-10-2019 10:24 / Bu xəbər 1858 dəfə oxundu

Müsavatçıların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ölkəboyu saxlanılması barədə xəbərlər yayılıb. 

Bu barədə "Basta" məlumat yayıb. 

Məlumata görə, Müsavat Partiyası Siyəzən rayon təşkilatının sədri və Məclis üzvü Mərdan Mehdili oktyabrın 19-da səhər saatlarında yerli polis şöbəsinə aparılıb.

Oktyabrın 18-də  günorta saatlarında Müsavatın Kürdəmir təşkilatının sədri Baha Mikayılov Kürdəmir Rayon Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

İlk öncə Baha Mikayılovun harada saxlanılması ilə bağlı məlumat almaq mümkün olmasa da məsələ ictimailəşdikdən sonra polis bölməsində olduğu etiraf olunub.

Baba Mikayılovun hansı səbəbdən  saxlanılması barədə açıqlama verilməyib, sonradan Baha Mikayılova 15 günlük inzibati həbs verildiyi məlum olub.

Müsavat Partiyası hesab edir ki, bu gün müsavatçıların hüquq – mühafizə orqanlarının əməkdaşları tərəfindən ölkəboyu təqib və təzyiqə məruz qalması hakimiyyətin müsavatçılara qarşı repressiyayasının bariz nümunəsidir.

Partiya yetkililəri hesab edir ki, bu "profilaktiki” tədbirlər "Milli Şura”nın sabaha təyin olunan mitinqi ilə əlaqəlidir. 

Müsavat başqanının müavini Razim Əmiraslanlı bildirir: "Müsavat Partiyası rayon təşkilatlarının sədrlərini ölkə boyu polis idarələrinə dəvət edirlər. Sabah saat 11-00 da Müsavat Partiyası məclisinin qurultaydan sonra ilk toplantısı keçiriləcək. Gündəlikdə qurultayda seçilmiş sərbəst məclis üzvlərinin səlahiyyətlərinin təsdiqi və boş qalmış yerlərə seçkilərin keçirilməsi gözlənilir. Məclis üzvlərinin iştirakı vacibdir.”. 

Müsavatın Şirvan təşkilatının üzvü, partiya fəalı Saday Hacılı da saxlanılıb. 

Şirvan təşkilatının sədri Əlikram Xurşudovun "Basta”ya bildirdiyinə görə, Saday Hacılının arxasınca polis bölməsinə gedən digər partiya üzvləri təhdid olunaraq Saday Hacılının saxlanılması xəbərini yaymamaq tapşırılıb.

Xaçmaz təşkilatının sədri Ramazan Əliyev, Qoşqar Nuralıyev, Astara təşkilatının sədri Tarif Əliyev, Mingəçevir təşkilatının sədri Ağahüseyn Mahmudbəyli, Zərdab təşkilatının sədri Ceyhun Məmmədli, Masallı təşkilatının sədri Allahverdi Rəhimov, Xızı təşkilatının sədri Malik Zeynalov, Cəlilabad təşkilatının sədri Azər Əsgər, Şəki Təşkilatın sədri Bakıxan Qəribli, təşkilatın fəalları Həbibulla Manaflı və Yusif Qarayev yaşadıqları rayonların ya polis bölmələrinə dəvət olunub, ya da yaşadıqları evdən bölməyə aparılıblar.

Polisə aparılanlar arasında "Basta” əməkdaşı, Müsavarın Məclis üzvü Azər İsmayıl da var.