Moldovalılar Avropa İttifaqını seçdilər

Moldovalılar Avropa İttifaqını seçdilər

21-10-2024 19:40 / Bu xəbər 542 dəfə oxundu

Prezident seçkisi II tura qaldı

Oktyabrın 20-də Moldovada Prezident seçkiləri və referendum keçirilib.

Moldova vətəndaşları "Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyanın dəyişdirilməsinin tərəfdarısınızmı?” sualına cavab veriblər.

Referendumla bağlı çap olunan seçki bülletenində vətəndaşlar Konstitusiyaya dəyişikliklərlə bağlı suala "HƏ” və ya "YOX” cavabını veriblər.

Mərkəzi Seçki Komissiyası (MSK) bildirir ki, protokolların 98 faizindən çoxunun sayılmasına əsasən, seçicilərin 50,03 faizi "bəli”, 49,97 faizi "yox” cavabını verib.

Prezident seçkilərinə gəlincə, əsas favoritlər hazırkı dövlət başçısı Maya Sandu və sabiq Baş prokuror Aleksandr Stoyanoqlodur.

Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumatda bildirilir ki, namizədlərdən heç biri 50 faizliklik baryeri keçə bilməyib.

MSK seçkilərin ikinci tura qaldığını açıqlayıb.

Bülletenlərin 98,29 faizinə görə, respublikanın hazırkı rəhbəri Maya Sandu 41,92 faiz səs toplayıb.

Noyabrın 3-də baş tutacaq növbəti turda o, 26,35% səs toplayan ikinci yerdə qərarlaşan keçmiş baş prokuror Aleksandr Stoyanoqlo ilə yarışacaq.

A.Stoyanoqlo keçmiş Prezident İqor Dodonun Sosialist Partiyası tərəfindən dəstəklənir.