Moskva məhkəməsi terrora görə 4 nəfəri həbs edib

Moskva məhkəməsi terrora görə 4 nəfəri həbs edib

25-03-2024 16:01 / Bu xəbər 922 dəfə oxundu

Prosesin qapalı keçirildiyi bildirilir

Moskvanın Basmannıy Rayon Məhkəməsi "Crocus City Hall” konsert salonunda terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər barəsində həbs qətimkan qərarı çıxarıb.

Bu barədə martın 25-də Rusiyanın rəsmi mediası məlumat yayıb.

Qeyd olunub ki, prosesdə terror aktını törətməkdə şübhəli bilinən Dalercon Mirzəyev, Muhammadsobir Fayzov, Saidakrami Raçabalizode və Şamsidin Fariduni haqda 2 ay həbs qətimkan tədbiri seçilməsi qərarı çıxarılıb.

Saxlanılanlardan məhkəməsi qapalı keçirilən Muhammadsobir Fayzovun həkimlərin müşayiəti ilə əlil arabasında məhkəmə zalına aparıldığı kadrlara düşüb.

Onun reanimasiyadan gətirildiyi bildirilib.

Təhlükəsizlik qüvvələri ilə əlaqəli "Telegram” kanalları əvvəllər onun "təqib zamanı” yaralandığını iddia ediblər.

İclasın qapalı keçirilməsini müstəntiq "dövlət və ya digər sirlərin açıqlanmaması”, habelə "proses iştirakçılarının təhlükəsizliyi” ilə əsaslandırıb.

O həmçinin hadisədə həlak olanların yaxınlarının həssaslığını da nəzərə aldıqlarını deyib.

Martın 23-də Federal Təhlükəsizlik Xidməti (FTX) terror aktı törətməkdə şübhəli bilinən 4 nəfərin həbs edildiyini açıqlayıb.

Kəşfiyyat xidmətinin məlumatına görə, onlar "avtomobillə Rusiya-Ukrayna sərhədinə doğru hərəkət edərək” qaçmağa çalışıblar.

Ümumilikdə, FTX-nin bildirdiyinə görə, istintaq çərçivəsində 11 nəfər saxlanılıb, qalan 7 nəfərin kim olduğu bəlli deyil.

Təhlükəsizlik qüvvələrinə yaxın kanallar məhbuslara işgəncə verilməsinə dair video-fotolar yayıb.

Mayın 23-də Saidakrami Raçabalizodenin qulağının bir parçasının kəsildiyi video, ertəsi gün isə Şamsiddin Fariduninin cinsi orqanına elektrik naqillərinin qoşulduğunu göstərən foto yayılıb.

Martın 22-də Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall” konsert zalında terror aktı törədilib.

Son məlumata görə, 137 nəfər həlak olub.