Müsavat – 108 – Yadigar Sadıqlı yazır

Müsavat – 108 – Yadigar Sadıqlı yazır

11-10-2019 16:17 / Bu xəbər 5301 dəfə oxundu

108 il öncə Müsavat yarandı!

O, tariximizin bir fenomenidir. Öz banisi Rəsulzadə kimi. Siyasi düşüncənin əsasən "pis padşah əvəzinə yaxşı padşah" səviyyəsindən yuxarı olmadığı coğrafiyada Müsavat fenomen idi. İngiltərədəki "Azadlıqların böyük xartiyası"nın, ABŞ-dakı "Meyflauer sazişi"nin, Fransadakı "İnsan və vətəndaş hüquqları bəyannaməsi"nin olmadığı bir ölkədə müsavatçılıq ideologiyası fenomenal hadisə idi.

Müsavat bir çox demokratik təşəbbüslərinə görə Avropanın qabaqcıl ölkələrini qabaqlayan Cümhuriyyət qurdu. Dinindən, dilindən, irqindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar tanıdı.  Təhsilə xüsusi önəm verdi: universitet, məktəblər yaratdı, xaricə tələbələr göndərdi. Şəxsi dürüstlük baxımından müstəsna nümunələr qoydu. Rüşvətxorluğun, dövlət malının oğurlamağın ayıb sayılmadığı bir coğrafiyada iki illik hakimiyyət zamanı irad tutulası heç nə etmədilər. Baş nazir Nəsib bəy Yusifbəylinin atasından pul istəməsi bugün də "rüşvətxorluq qanımızdadır" deyənlərə qarşı ən böyük arqumentə çevrildi.

Cümhuriyyətimiz uzun sürmədi. Müsavatçıların çox hissəsinin yolu bolşeviklərin ölüm düşərgələrinə düşdü. Burada, ölümcül şaxtaların hökm sürdüyü, dustaqların çoxu ağır fiziki əməkdən qurtulmaq, məhdud qida rasionunu bir qədər artırmaq üçün hər cür alçaqlığa hazır olduqları bir yerdə müsavatçılar inanılmaz dəyanət və ləyaqət nümayiş etdirdilər. 
Bu davranış Oleq Volkov adlı bir dissdenti illər sonra "Uzun ömrümə nəzər salıram və güclü, fəthçi bir xalqa mənsub olduğuma görə utandığım anları xatırlayıram. Pan Felikslə ünsiyyət zamanı, illər sonra macar tələbə ilə görüşərkən belə dəqiqələr olmuşdu. Lakin müsavatçıların faciəvi epopeyası gözlərim önündə baş verərkən bu hiss daha qabarıq idi" yazmağa vadar edəcək.

Müsavatçıların mühacirətdə fəaliyyəti də bir ayrı qürur mövzusudur. Onilliklər boyu inanılmaz dərəcədə çətin şəraitdə, min bir məhdudiyyətlər məngənəsində mübarizələrini davam etdirdilər, yazdılar-yaratdılar. Bu fədakarlıq Azərbaycan mühacirətinin tananmış simalarından biri, bir çox məsələlərdə Rəsulzadə ilə razı olmayan və tənqidlər səsləndirən Fuad Əmircanı da etirafa sövq etdi:

"Zira, Avropa kitabxanalarını dolaşıb Azərbaycana aid hər bir əsərin mühacirətdə yalnız onara məxsus olduğunu gözümlə gördükdən, başqalarının fürsət düşdükcə və ya müəyyən mənfəət naminə milli fəaliyyətlə məşğul olduqları halda, müsavatçıların intizamlı, mütəşəkkil, fəal şəkildə özlərini bu işə qurban verdiklərini müşahidə etdim. Mən Müsavat Partiyasına üzv olmadım. Amma inkar edə bilmərəm ki, bu partiya bolşevik işğalına qarşı müqavimətin simvolu halına gəlib".

Hətta banisi və şəriksiz lideri Məhəmməd Əmin Rəsulzadənin ölümü belə Müsavatın fəaliyyətini durdurmadı. Azərbaycan yenidən müstəqil olana və Müsavatın fəaliyyətini Ana Vətəndə bərpa etmək imkanı yaranana qədər davam etdilər. 

Vətənə qayıtdıqdan sonra Müsavat uzun illər avtoritar Əliyev rejiminə qarşı mübarizənin avanqardı oldu. Bu yolda ən böyük  müqaviməti Müsavat təşkil etdi, ən çox repressiyalara müsavatçılar uğradı. Bu səbəbdən də partiyanın proqramında tamamilə haqlı olaraq yazıldı: Müsavatın tarixi Azərbaycanın müstəqilliyi və demokratiya uğrunda mübarizə tarixidir. 
Müsavatçılıq təkcə siyasi mübarizə, təkcə hakimiyyətə gəlmək uğrunda mücadilə deyil. Müsavatçılıq milli mədəniyyətə bağlı, ümumbəşəri dəyərləri mənimsəyən, hürriyyət, cumhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir.

İki gün sonra Müsavat IX qurultayını keçirəcək. Partiya öz tarixinin heç də ən parlaq dövrünü yaşamır. Ciddi dəyişiklilərə ehtiyac var.  Böyük Rəsulzadə haqlı olaraq yazırdı: "Bundan sonra müstəqil və milli Azərbaycanın müqəddəratını sövqi-tarixlə idarəyə məmur olacaq partiyanın adı Müsavat olmaya bilər, fəqət o partiyanın müsavatçı olması zəruridir".

Bəli, təşkilatın müsavatçı olması mühümdür. Amma mən Azərbaycanı demokratiyaya, azad və ədalətli cəmiyyətə qovuşduracaq həmin partiyanın adının da Müsavat olmasını istəyirəm. Ona görə də başqanlığa namizədliyimi irəli sürmüşəm. Müsavatı yenidən güclü, yenidən ölkə siyasətinin avanqardı etmək üçün. Partiyanı hakimiyyətə daşıyaraq Müsavat ideallarını ölkədə bərqərar etmək üçün.

Müsavat Rəsulzadə yadigarıdır!
Yadigara sahib çıxaq!
 
Yadigar Sadıqlı,
Müsavat Partiyasının Divan üzvü