Müsavat başqanı iddialara cavab verdi

Müsavat başqanı iddialara cavab verdi

12-11-2017 00:28 / Bu xəbər 1435 dəfə oxundu

Müsavat başqanı Arif Hacılı Aznews.az saytında dərc olunmuş "Arif Hacılı, Corc Soros və 500 avro aylıq” başlıqlı məqaləyə münasibət bildirib. 

Bu barədə Müsavat başqanı feysbukda yazıb. 

"Hakimiyyətə yaxın saytlardan biri Fridrix Naumann fondunun prezidenti Volfgang Gerhardla görüşümü gizlətdiyimi, Soros Fondundan maliyyə dəstəyi aldığımı iddia edib. Biz Naumann Fondunun prezidenti ilə tanışıq, amma təəssüf ki, onunla hələlik xüsusi əlaqələrimiz yoxdur. 3 gün əvvəl paylaşdığım şəkildə sağdan 2-ci Volfgahg Gerharddır. Avropa Parlamentində Şərq Tərəfdaşlığı mövzusunda müzakirələr çərçivəsində onunla da fikir mübadilələrimiz oldu. İkinci şəkil bu müzakirələr zamanı çəkilib", - Hacılı bildirib. 

Müsavat başqanı bildirib ki, bundan sonra Azərbaycan cəmiyyətinin maraqları naminə sözügedən şəxslə əlaqələrini daha yaxından quracaq: "Ötən ay Almaniyanın Gummersbax şəhərində keçirilən beynəlxalq tədbirdə isə Volfgang ümumiyyətlə iştirak etmirdi. Dekabr ayında Amsterdam şəhərində başqa bir mühüm beynəlxalq tədbirə dəvət almışam. Bildiyimə görə Volfgang Gerhard da bu tədbirdə iştirak edəcək. Azərbaycan cəmiyyətinin maraqları naminə Avropanın bu böyük ictimai xadimi ilə daha yaxın əlaqələr quracağam.

Soros Fondu Azərbaycanda uzun illər leqal fəaliyyət göstərib. Google da axtarış verməklə bu fondun kiminlə işlədiyini, kimlərə, hansı təşkilatlara maliyyə ayırdığını öyrənmək çox asandır. Soros və Arif Hacılı, Soros və Müsavat. Çox gülünc söhbətdi. Hakimiyyətdə olanlar da, QHT nümayəndələri də bunu çox yaxşı bilir".

Hakimiyyətə yaxın Aznews.az saytı  bu gün Müsavat başqanının Avropa səfəri barədə məqalə dərc edib. "Arif Hacılı, Corc Soros və 500 avro aylıq” başlıqlı məqalədə Müsavat başqanının Fridrix Naumann Fondunun prezidenti Volfgang Gerhardla görüşünü gizlətdiyini, Soros Fondundan maliyyə dəstəyi aldığını iddia edib.