Müsavat başqanlığına namizədlər təqib edilir: "Polis çay içməyə də imkan vermədi"

Müsavat başqanlığına namizədlər təqib edilir:

04-10-2019 13:56 / Bu xəbər 1177 dəfə oxundu

Müsavat başqanlığına namizədlər - Yadigar Sadıqlı və Tofiq Yaqublunun görüşlərinə, həmçinin hərəkət marşrutlarına maneə yaradılır.

Bu barədə Arqument.Az-a Yadigar Sadıqlı məlumat verib.

Yadigar Sadıqlı bildirib ki, Oğuz və Qəbələ rayonlarında təqib ediliblər, onlara hətta yolüstü kafe və restoranlarda çay içməyə də imkan verməyiblər: "Oğuzun Padar kəndi ərazisində təqib edildiyimizi gördük. Yolüstü çay içmək üçün kafelərin ikisində saxladıq. Yaxınlaşıb çay içmək istədiyimizi dedik. Oturduq. Sonra gördük ki, yaxınlıqda bir polis maşını da dayanıb. Yaxınlaşıb bizim maşının nömrəsinə baxdılar. Sonra da restoran işçiləri gəlib dedilər ki, təcili obyekti bağlamalıyıq, işimiz çıxdı. Sonra anoloji halla Qəbələ rayonunda da üzləşdik".

Yadigar Sadıqlının sözlərinə görə, hərəkət etdikləri  avtomobilinin nömrəsini bütün yoüstü kafe və restoranlara veriblər ki, istirahət etmələrinə imkan verilməsin: "Hazırda maşını kənarda saxlayıb bir kafeyə gəldik. Məlum oldu ki, onlara da girişimizə icazə verməmələri tapşırılıb". 

O həmçinin onları təqib edən polis maşınının fotosunu da çəkib.