Müsavat mühacir alveri ilə bağlı çağırış edib

Müsavat mühacir alveri ilə bağlı çağırış edib

22-11-2019 16:19 / Bu xəbər 1093 dəfə oxundu

Noyabrın 13-də Almaniya polisi ölkəyə mühacir daşıyanlara qarşı əməliyyat keçirib.

Bu barədə Novator.az xəbər verib.

Xəbərdə deyilir ki, 6 federal əyalət üzrə 38 obyektdə axtarış aparıldığı, bu obyektlərin 13-nün azərbaycanlılara məxsus olduğu bildirilir.

Müsavat Partiyasının 21 noyabr məlumatına görə, cinayət işi Koblents şəhərində Rəşad Məmmədov adlı Azərbaycan vətəndaşının məhkəməyə şikayəti əsasında başlayıb: "Həmin şikayət əsasında Rəşad Məmmədovun bir vaxt sürücüsü olduğu Mehdi Xəlilbəyli həbs edilib. Mehdi Xəlilbəyli Almaniyada ictimai təşkilat kimi qeydiyyatdan keçmiş Müsavatın Avropa Koordinasiya Mərkəzinin sıravi üzvüdür. Həmçinin "Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev tutulub.

Azərbaycan vətəndaşı olan daha 7 nəfərin saxlanması xəbəri təkzib edilib. Eyni zamanda bu cinayət işinin Müsavat Partiyası və Müsavatın Avropa Koordinasiya Mərkəzinin fəaliyyəti ilə bağlı olduğu barədə iddia təsdiqlənməyib”.

Müsavat Partiyası qeyd edir ki, cinayət işinin başlanmasına səbəb olmuş şikayətçi Rəşad Məmmədovun Azərbaycandakı müxalif qurumlara hər hansı aidiyyəti yoxdur: "Uzun müddətdir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində mühacir alveri və saxta sənəd ittihamları ilə əlaqədar istintaq aparılır. Bu istintaq çərçivəsində Müsavat Partiyasının başqanı Arif Hacılı, keçmiş başqanı İsa Qəmbər, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli, onun müavini Gözəl Bayramlı və digərləri izahat veriblər. Prokurorluq müxalifət təmsilçilərini istintaqa cəlb etsə də, bu müddət ərzində müxalifət partiyalarına qarşı iddiaları təsdiqləyəcək hər hansı bir sübut ortaya qoya bilməyib.

2019-cu ilin avqust ayında Bakıda keçirilən əməliyyat nəticəsində mühacirlər üçün saxta sənəd istehsal edən dəstə tutulub. Məlumata görə, həmin dəstə saxta möhürlər vasitəsilə müxtəlif şəxslərə Azərbaycanın məhkəmə orqanları, Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi, Müsavat Partiyası, AXCP və digər təşkilatlar adından saxta sənədlər verib. Müsavat bu şəbəkənin xarici dövlətlərdə dayaqlarının olduğunu istisna etmir, partiya adından saxta sənəd verilməsi hallarına qarşı istənilən əməliyyatı dəstəkləyir və bu məsələdə zərərçəkən tərəf olduğunu bildirir.

Müsavat Partiyası mühacir alveri və saxta sənəd iddialarını araşdırmaq üçün xüsusi komissiya yaradıb, bu mövzuda faktları olan şəxsləri məlumatları həmin komissiyaya, yaxud hüquq mühafizə orqanlarına təqdim etməyə çağırıb.

Partiya sözügedən cinayət işi başa çatmadan, araşdırmalar yekunlaşmadan irəli sürülən bütün ittihamların əsassız olduğunu bəyan edir və bu mövzuda siyasi dedi-qoduya son qoymağa çağırır.

Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində hər hansı bir Müsavat üzvünün qanundankənar fəaliyyəti aşkar olunarsa, həmin şəxs buna görə fərdi məsuliyyət daşıyacaq. Partiya da bu halda həmin şəxslə bağlı adekvat tədbirlər görəcək”.