Müsavat Partiyasının qurultayı – Meriya razılıq verib, saray sahibi imtina edib

Müsavat Partiyasının qurultayı – Meriya razılıq verib, saray sahibi imtina edib

07-10-2019 17:16 / Bu xəbər 186 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının IX qurultayını Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən "Büllur” Şadlıq Sarayında keçirməyə razılıq verib.

Məktubda Müsavatın şadlıq evinin sahibi ilə razılaşma əldə ediləcəyi təqdirdə BŞİH-in buna heç bir etiraz etməyəcəyi qeyd olunub.

Modern.az saytı  məsələ ilə əlaqədar "Büllur” Şadlıq Sarayının rəhbərliyi ilə əlaqə saxlayıb. 

Məlum olub ki, həmin obyekt uzun müddətdir şadlıq sarayı kimi fəaliyyətini dayandırıb. İndi həmin ərazidə "Büllur” kafe və mərasim evi fəaliyyət göstərir.

O da bildirilib ki, həmin obyektin rəhbərliyi Müsavatın qurultayının orada keçirilməsinə razı deyil. Bununla bağlı etiraz Müsavata da çatdırılıb.

Yaranmış mübahisəli vəziyyəti Müsavat Partiyası da təsdiqləyib. Müsavat başqanın müavini Səxavət Soltanlı deyib ki, yeni məkan axtarılır: "Əvvəlcə o məkanla maraqlanmışdıq. Biz indi həmin yerlə əlaqə saxladıq, onlar bizim tədbirimizin keçirilməsinin mümkün olmadıqlarını bildiriblər. Yeni məkanla bağlı danışıqlar davam edir”.

Müsavat Partiyasının qurultayı oktyabrın 12-də keçiriləcək. Qurultayda hazırkı başqan Arif Hacılı partiya üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu ilə sədrlik uğrunda mübarizə aparacaq.

Bildirək ki, sözügedən obyekt populyar müğənni Ağadadaş Ağayevə məxsus olduğu bildirilir.

"Yeni Sabah" məsələ ilə bağlı A. Ağayevə zəng edib. Telefonuna cavab verən şəxs isə sözügeedən sarayın onlara məxsus olmadığını qeyd edib.