MSDM: "Ermənistanla sülh danışıqları vasitəçilərsiz aparılmalıdır"

MSDM:

02-12-2020 17:00 / Bu xəbər 848 dəfə oxundu

"Rusiyanın hərbi birləşmələrinin bölgəyə istənilən ad altında daxil olması suverenliyə təhdiddir"

"Ermənistanla sülh danışıqlarımız birbaşa və vasitəçilərsiz aparılmalı, danışıqların predmeti konkret olmalıdır. Bu ilk növbədə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhəddinə dair sazışin imzalanması ola bilər”.

Meydan.Tv xəbər verir ki, bu fikirlər Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) dekabrın 2-də yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda qeyd olunub ki, Azərbaycan xalqının Ermənistanın silahlı təcavüzünü dəf etmək və işğal altında olan torpaqlarımızı azad etmək üçün apardığı Vətən Müharibəsinin əldə olunan nəticələrini yüksək qiymətləndirirlər:

"Münaqişə ətrafında 26 ildir davam edən status-kvonun əhəmiyyətli şəkildə dəyişdiyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan ərazisində hər hansı formada yeni bir dövlətin yaranması, bununla əlaqədar Azərbaycan Konstitusiyasına zidd şəkildə referendum keçirilməsi yolverilməzdir. "Dağlıq Qarabağın statusu” adlandırılan məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində bütün Azərbaycan xalqının ümümxalq səsvermədə ifadə etdiyi rəylə müəyyən edilə bilər. Azərbaycanda yaşayan erməni mənşəli vətəndaşların statusu Ermənistanın 8 min kvadrat km. ərazisini əhatə edən 172 yaşayış məntəqəsindən 1988-ci ilin son iki ayında zorla çıxarılan azərbaycanlı əhalinin öz yurdlarına qaytarılması, onların təhlükəsizliyinin təminatı və statusu ilə eyni vaxtda simmetrik qaydada həll olunmalıdır”.

Milli Strateji Düşüncə Mərkəzi hesab edir ki, münaqişənin həllinə cəlb olunmuş Minsk Qrupunun və həmsədr dövlətlərin (Rusiya, Fransa, ABŞ) 28 illik fəaliyyətləri səmərəsiz qaldığına görə mövcud format dəyişdirilməli və Türkiyənin nizamlanma prosesində aktiv iştirakı təmin edilməlidir: "Rusiyanın hərbi birləşmələrinin bölgəyə istənilən ad altında daxil olması Azərbaycanın suverenliyinə ciddi təhdid olduğu üçün yolverilməzdir. Təcavüz, işğal və bütövlükdə münaqişə dövründə Azərbaycana dəymiş maddi zərərin ödənilməsi məsələsi sülh müqaviləsində həllini tapmalı və onun ödənilməsinə müvafiq beynəlxalq təminatlar verilməlidir”.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib.

Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub.

Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.