MSK 4 seçki məntəqəsinin nəticələrini ləğv edib

MSK 4 seçki məntəqəsinin nəticələrini ləğv edib

16-04-2018 12:33 / Bu xəbər 859 dəfə oxundu

Nəticələr təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə göndərilib

Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı 4 seçki məntəqəsinin nəticələri ləğv edilib.

Məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında səsləndirilib. Aprelin 15-də keçirilən iclasda bildirilib ki, seçkilərə yekun vurulub və nəticələr təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilib.

Qərara əsasən, 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 seçki məntəqələrində nəticələr ləğv olunub. 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrinin seçki komissiyaları isə buraxılıb.

Meydan TV 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı məntəqəsində baş verən pozuntularla bağlı süjet yayımlayıb.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.