MSK “Gürcü Arzusu”nu lider sayır
27-10-2024 01:29 / Bu xəbər 612 dəfə oxundu
Sonrakı yerdə beş faizlik baryeri keçən dörd müxalifət partiyası gəlir
Hakim "Gürcü Arzusu” Partiyası bülletenlərin 68,7 faizinin hesablanmasından sonra 52,943 faiz səslə lider sayılır.
Bu barədə xəbər Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarında əks olunub.
Sonrakı yerdə beş faizlik baryeri keçən dörd müxalifət partiyası gəlir: "Dəyişiklik üçün Koalisiya” (11,197%), "Birlik – Milli Hərəkat” (9,797%), "Güclü Gürcüstan” (9,056%), "Gürcüstan Naminə” (8,264%).
Mərkəzi Seçki Komissiyasının saat 20:00-a olan məlumatına görə, bütün Gürcüstan üzrə parlament seçkilərində seçici fəallığı 58,96% (2 060 412 səs) təşkil edib.
Hakimiyyətə yaxın "İmedi” telekanalının exit-poll nəticələrinə görə, "Gürcü Arzusu” 56,1 faiz, müxalif Dəyişiklik və Birlik Koalisiyaları – Milli Hərəkat hər biri 12,6 və 11,6 faiz səs toplayıb.
Müxalif "Formula” telekanalının keçirdiyi "exit-poll”un nəticələri isə belədir: "Gürcü Arzusu” – 40,9, "Dəyişiklik üçün Koalisiya” – 16,7, "Birlik – Milli Hərəkat” – 16,7, "Güclü Gürcüstan” – 10,3, "Gürcüstan üçün” – 8,2 faiz.
"OC Media” yazır ki, ilkin nəticələrə görə, "Gürcü Arzusu” ən çox etnik azlıqların yaşadığı ərazilərdən səs toplayıb. Baxmayaraq ki, gün ərzində bu ərazilərdən çoxsaylı sui-istifadə halları barədə məlumatlar yayılıb. Prezident Salome Zurabişvili daha əvvəl bu cür xəbərləri pisləyərək "etnik azlıqdan seçkiləri saxtalaşdırmaq üçün istifadə etmək son dərəcə əxlaqsızlıqdır” demişdi. Həmin ərazilərin əksəriyyətində azərbaycanlılar yaşayır.
"Gürcü Arzusu”nun həmin ərazilərdən topladığı səs faizləri belədir:
Ninotsminda: 90%
Axalkalaki: 89%
Bolnisi: 80%
Marneuli: 80%
Dmanisi: 75%
Qardabani: 72%
"Gürcü Arzusu” həmçinin Bidzina İvanişvilinin vətəni Saçxeredə 84%, Svanetinin Lentexi şəhərində isə 75% səs toplayıb.
Hakim partiya ən az paytaxt Tbilisidə səs alıb. Paytaxtın rayonlarında səs faizi belədir:
Vake: 38%
Saburtalo: 40%
Qldani: 40%
Mtatsminda: 42%
Rustavidə 41%.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, seçkilərdə 26 siyasi partiya, ictimai hərəkat və birlik 150 deputat yeri uğrunda mübarizə aparıır.
Əvvəlcədən müəyyən olunmuş 5 faizlik baryeri keçəcək partiya parlamentdə deputat mandatı qazana biləcək. Seçkilərə qatılan siyasi partiyaların 428 namizədi qeydiyyatdan keçib.
Ən çox namizəd (150 nəfər) "Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından (sədr İrakli Qaribaşvili) qeydə alınıb. Avropalı Gürcüstan – Azadlıq üçün Hərəkatın (sədr Georgi Çereteli) 22 namizədi, Gürcüstanın Birləşməsi və İnkişafı Partiyasının (sədri Kamal Muradxanov) 16 namizədi, Yeni Birlik – Gvaramiya, Melianın (sədr Nika Melia) 27 namizədi, Birləşmə – Milli Hərəkatın (sədr Tinatın Bokucava) 31 namizədi, Avropa Demokratlarının (sədr Paata Davitaya) 12 namizədi, Gürcüstanın Patriotları Alyansının (sədr David Tarxan-Mouravi) 11 namizədi, Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün Birliyinin (sədr Mamuka Xazaradze) 16 namizədi, Gürcüstanın Laboratoriya Partiyasının (sədr Şalva Natelaşvili) 20 namizədi, Gaxariya – Gürcüstan üçün Partiyasının (sədr Georgi Gaxariya) 27 namizədi var. Digər partiya və təşkilatlardan olan namizədlərin sayı isə 3-9 arasında dəyişir(Meydan.TV)