MSK müsavatçının şikayətini təmin etməyib

MSK müsavatçının şikayətini təmin etməyib

20-01-2020 18:23 / Bu xəbər 1170 dəfə oxundu

Müsavatçı namizədin şikayətini Mərkəzi Seçki Komissiyası (MSK)  təmin etməyib.

Yanvarın 19-da MSK-nın keçirdiyi iclasda 110 saylı Zaqatala seçki dairəsindən Müsavat Partiyasının deputatlığa namizədi Saleh Soltanovun müraciətinə baxılıb.

Saleh Sultanov 110 saylı Zaqatala seçki dairəsindən namizədliyinin rəsmiləşməməsi ilə bağlı Dairə Seçki Komissiyasından (DSK) MSK-ya şikayət edib.

MSK S.Sultanovun sənədlərini zamanında təqdim etmədiyi səbəb göstərilərək şikayəti təmin edilməyib.

19 yanvar keçirilən MSK-nın iclasında Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı da iştirak edib.

Gülağa Aslanlı Toplum TV-yə deyib ki, toplantıda yalan məlumatlar verilib: "Guya Saleh Sultanov yanvarın 6-da sənədlərini təqdim edib və ayın 9-da ona məlumat verilib ki, gəlib imza vərəqələrini götürsün, amma o gəlib götürməyib”.

Gülağa Aslanlı bildirib ki, Saleh Sultanov yanvarın 2-də sənəd vermək üçün Dairə Seçki Komissiyasına (DSK) gedib, amma komissiya sədri orada olmayıb: "Ayın 3-də Sultanov yenə də DSK-ya gedib. Bu dəfə DSK-nın sədri sənədləri qəbul edib, amma guya internet işləmir deyə sistemə daxil ola bilməyib və "sabah gəl” deyib”.

Gülağa Aslanlının sözlərinə görə, 3 yanvarda Saleh Sultanov DSK sədrinin işə gəlməsi üçün həm MSK-ya rəsmən teleqram vurub, həm də qaynar xəttə zəng edib: "Mən də MSK-nın katiblərinə zəng edib bu barədə məlumat vermişəm. "Bastainfo.com” bu barədə  bir neçə gün məlumat verib. Bütün bunları görməmək isə MSK-nın məsuliyyətsizliyi və eyni zamanda DSK-nın dərs çıxarmaması onların qanuna yox,  Zaqatala Rayon  İcra Hakimiyyəti başçısına tabe olduğuna dəlalət edir”.

Gülağa Aslanlı məhkəməyə müraciət edəcəklərini deyib.
 
Toplum.tv