MSK sədri bələdiyyə seçkilərinə xarici müşahidəçi dəvət etməyəcəklərini deyir

MSK sədri bələdiyyə seçkilərinə xarici müşahidəçi dəvət etməyəcəklərini deyir

02-12-2024 19:50 / Bu xəbər 120 dəfə oxundu

Məzahir Pənahov: "Kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik”

Azərbaycanda 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün, dekabrın 2-də keçirilən iclasında bildirib.

"Təbii ki, kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Amma biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir”, – MSK sədri deyib.

2024-cü il oktyabrın 18-də Milli Məclis "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Milli Məclis 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsini təsdiqləyib.

Noyabrın 25-də isə Prezident İlham Əliyev qanunu təsdiqləyib.

Azərbaycanda indiyə qədər 5 bələdiyyə seçkisi keçirilib. Bu da 1999, 2004, 2009, 2014 və 2019-cu illəri əhatə edir.

Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.

Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.

İndiyədək həmişə bu seçkilər dekabrda olub.

Bəzi ekspertlər Bələdiyyə seçkilərinin keçirilməsi vaxtının uzadılmasını qanuna zidd hesab edirlər.